“Məzar daşlarının qara mərmərdən olacağı deyilsə də, adi ağ daşdandır” - Açıqlama

mezar-daslarinin-qara-mermerden-olacagi-deyilse-de-adi-ag-dasdandir
Oxunma sayı: 2874

Yevlax rayonundan olan Vətən müharibəsi şəhidlərinin valideynləri övladlarının məzarüstü abidələrinin keyfiyyətsiz qoyulmasından narazıdırlar.

“Qafqazinfo” xəbər verir ki, şəhid valideynlərinin sözlərinə görə, Yevlax rayon İcra Hakimiyyətindən layihə əsasında şəhidlərə qara mərmərdən məzar daşları qoyulacağı bildirilsə də, 8 aydan sonra hazırlanan daşın adi ağ daş olduğu ortaya çıxıb. 

Rayonun Nemətabad kəndindən olan şəhid Emin Kazımovun anası bildirir ki, valideynlər hər gün gəlib məzarları təmizləsələr də, daş keyfiyyətsiz olduğundan çirklənir: “Güclü atıcı idi, müharibədə nə qədər erməni məhv edib. 6 aydan sonra məzar daşı qoyublar, o da belə keyfiyyətsiz. Daşlar ağ təbaşirdəndir, silirik, təmizlənmir. Yağış yağan kimi saralır, gül qoyuruq rəngi çıxır. Hər gün gəlib silib-təmizləyirik. Mən özüm kənddən su gətirib daşları yuyuram. Başqa şey istəmirəm, uşağımın məzarını düzəltsinlər”. 

Şəhid Sadiq Əsgərovun atası da övladına qoyulan məzarüstü abidənin keyfiyyətindən şikayətçidir: “Biz istəyirik, buradakı şəhid məzarlarını qara mərmərdən eləsinlər. Çünki bu oğullar canlarını əsirgəməyiblər".

Şəhidlərin yaxınları öz vəsaitləri ilə Şəhidlər xiyabanına işıq çəkdiklərini deyirlər. Onların sözlərinə görə, İcra Hakimiyyətinə dəfələrlə bildirsələr də, şəhid ailələrini narahat edən bu problem həllini tapmayıb. 

Problemlə bağlı Yevlax Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev “Qafqazinfo”ya Vətən müharibəsi şəhidlərinin məzar daşlarının adi daşdan deyil, ağ mərmərdən hazırlandığını bildirdi: “Yevlax rayonunun 162 şəhidi var, onların 126 nəfəri Birinci, 36 nəfəri isə İkinci Qarabağ müharibəsinin şəhidləridir. Birinci Qarabağ müharibəsinin şəhidlərinin məzarı ağ mərmərdən hazırlandığına görə, biz ayrı-seçkilik etmədik, Vətən müharibəsi şəhidlərinin məzarlarını da ağ mərmərdən etdik. Heç bir təbaşir daşından söhbət gedə bilməz”.

Şəhidlər xiyabanında suyun olmaması və təmizlik işlərinin şəhid valideynləri tərəfindən görülməsinə gəlincə isə, icra rəsmisi bildirib ki, xiyabanda ümumi bulaq və təmizlik işlərini görən işçilər var: “Şəhidlər xiyabanında su problemi yoxdur, ora bir il əvvəl bulaq çəkilib və 24 saat su gəlir. Hazırda xiyabanda təmir işləri gedir, ona görə toz-torpaq olur. İşçilər də oranı günün sonunda təmizləyirlər. 1-2 aya bu işlər yekunlaşdıqdan sonra, hər şey qaydasına düşəcək”.

Gülnar Əliyeva