Naftalan nefti “Expo 2020 Dubai” beynəlxalq sərgisində - Foto

naftalan-nefti-expo-2020-dubai-beynelxalq-sergisinde
Oxunma sayı: 1710

“Expo 2020 Dubai” beynəlxalq sərgisində Azərbaycanın sağlamlıq turizminin mərkəzi sayılan və öz təbii müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan da yer alıb.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq sərgidə Naftalanı təmsil edən Garabagh Resort & Spa, Chinar Hotel & SPA Naftalan, Gashalti Health Hotel Naftalan otellərinin stendləri və digər vəsaitləri “Azərbaycan” pavilyonunda, Dayanıqlı İnkişaf tematik zonasında yerləşdirilib.

Dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilər ilk dəfə Naftalan neftinin nə olduğunu öyrənib və əyani olaraq onun müalicəvi effektivliyindən şəxsən əmin olublar.

Ziyarətçilərə Naftalan neftinin müalicəvi xüsusiyyətlərindən, onun təbii komponentlərinin unikallığından danışılıb. Oynaq, dayaq hərəkət sistemi, dermatoloji, uroloji və digər 70-dən artıq xəstəliklərin Naftalan nefti ilə müalicəsinin mümkünlüyü xüsusi vurğulanıb.

Ziyarətçilərə Naftalan şəhərində şəfaverici nefti ilə müalicə prosedurlarından müasir, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz edilmiş turizm sağlamlıq mərkəzlərində keçə biləcəkləri bildirilib.