Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, tədbirlər çərçivəsində aprelin 24-də Xidmətin Naxçıvan baş idarəsinin bir qrup əməkdaşı Culfa rayonu ərazisində yerləşən Haçadağ zirvəsinə yürüş təşkil edib. Yürüş iştirakçıları təyin olunmuş yerdə Ulu Öndərin şəkli əks olunmuş plakatı və Azərbaycan Bayrağını yerləşdiriblər.
Aprelin 26-da Naxçıvan şəhərində “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı təntənəli tədbir keçirilib. Tədbirdə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Fuad Nəcəfli tədbirin Ulu Öndərin böyüyüb boya-başa çatdığı Naxçıvanda keçirilməsinin önəminə toxunub. O, Heydər Əliyevin ömür yoluna nəzər salaraq təhlükəsizlik orqanlarında fəaliyyəti və Azərbaycanın rəhbəri olaraq xidmətləri barədə ətraflı məlumat verib. Ölkəmizin milli tərəqqi strategiyasının əsasının məhz Heydər Əliyev tərəfindən qoyulmasından söhbət açıb. Fuad Nəcəfli Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu siyasət xəttinin ölkəmizin davamlı yüksəlişinə xidmət etdiyini vurğulayıb.
Digər natiqlər də çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarında xidməti fəaliyyətinə məhz Naxçıvan şəhərində başladığını diqqətə çatdırıb. Bildiriblər ki, Heydər Əliyev öz istedadı və bacarığı sayəsində təhlükəsizlik təsisatının rəhbəri vəzifəsinə qədər yüksəlməyi bacarıb və bu qurumun ilk azərbaycanlı generalı olub. Məruzəçilər Ulu Öndərin sözügedən təşkilata ən mühüm töhfəsi olan, keçən əsrin 50-ci illərinin əvvəllərindən başlanan bu orqanların milliləşdirilməsi prosesinin iştirakçısı və sonralar da birbaşa təşkilatçısı olduğunu hər zaman qürur hissi ilə xatırladığını söyləyib. Heydər Əliyevin peşəkarlıq irsinin bundan sonra da layiqincə davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Sonda tədbir iştirakçıları təhlükəsizlik orqanlarının tarixindən və Heydər Əliyevin bu orqanlardakı fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.








Son xəbərlər
Son Xəbərlər