Nəsimi rayonunda 2025-ci ilin yekunları geniş müzakirə olundu - Fotolar

nesimi-rayonunda-2025-ci-ilin-yekunlari-genis-muzakire-olundu
Oxunma sayı: 665

Nəsimi rayon İcra Hakimiyyətində rayonun 2025-ci ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. 

“Qafqazinfo” xəbər veriur ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev və s. qonaqlar iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Hesabat tədbirini giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan 2025-ci ildə Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində inamla irəliləyib, dövlətimizin və xalqımızın əmin-amanlığı, tərəqqisi təmin edilib.

Sonra 2025-ci ilin yekunlarına həsr edilmiş videoçarx nümayiş olunub.

Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafına dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və rəşadətli ordumuz tarixi Zəfər zirvəsini fəth edərək, onilliklər boyu xalqımıza qarşı yürüdülən ədalətsiz siyasətə son qoydu, birlik, qəhrəmanlıq və sarsılmaz dövlət iradəsinin nümunəsini bütün dünyaya nümayiş etdirib: “Bu gün Azərbaycan regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan, prinsipial mövqeyi, ədalətə söykənən siyasəti və ardıcıl inkişaf modeli ilə seçilən bir dövlətə çevrilib. Məhz bu möhkəm təməl üzərində qurulan müasir Azərbaycan gələcək nəsillər üçün güclü, müstəqil, sabit və ədalətli dövlət mirası formalaşdırır və bu yol ölkə başçısının qətiyyətli liderliyi ilə inamla davam etdirilir.

Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılıb, əvvəlki il ilə müqayisədə 3,4 faiz çox sənaye məhsulu istehsal edilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlər 2,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 4,7 faiz, pərakəndə ticarət şəbəkəsindən əhaliyə əmtəə satışı 7,1 faiz artıb. Hesabat məruzəsində həlli vacib mövcud problemlər, cari il üçün qarşıda duran vəzifələr iştirakçıların diqqətinə çatdırılıb”.

Prezident Adminstrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev çıxışında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə də bütün sahələrdə yüksək nailiyyətlər əldə olunduğunu, o cümlədən beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb.