“Nikosayağı”ya hökm oxundu - Video - Yenilənib

nikosayagiya-hokm-oxundu
Oxunma sayı: 11356

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə araşdırması başa çatır.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayərlər Məhkəməsində keçirilən bugünkü iclasda əvvəlcə müttəhim Şakirlinin vəkilləri müdafiə çıxışı edəcək.

Prosessual qaydaya görə daha sonra müttəhim son söz deməli və hökm elan edilməlidir.

***

Müdafiəçilər Əli Hüseynov və Elnur Quliyev bloqerin hadisə baş verən vaxt içki qəbul etmədiyini, bu səbəbdən ona verilmiş ittihamın düzgün olmadığını deyiblər: “Müvəkkilimə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham verilməli idi. Düzdür, ağır qəza baş verib, Şakirli də özünü təqsirli bilir, peşmandır”.

Vəkillər bloqerin əməlinin Cinayət Məcəlləsinin daha yüngül-263.2-ci maddəsinə tövsif edilməsini, bir qolunu itirməsini, himayəsində azyaşlı övladının olmasını həmçinin məsuliyyətini ağırlaşdıran hal olmadığını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş ən aşağı cəza verilməsini, həmin cəzanın şərti hesab edilməsini xahiş ediblər. 

Çıxışlardan sonra hakim “Nikosayağı”ya son sözünü deməyi təklif edib. 

Bloqer son sözündə “hadisə ilə bağlı özümü tam təqsirli bilirəm. Onsuz da Allah mənim cəzamı verib. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəm. Bundan sonra veriləcək hər bir cəzaya da hazıram. Rəhmətə gedən də mənim öz doğma qardaşımdan ayırmadığım adam idi. Allah rəhmət eləsin. Ailəsindən də bir daha dönə-dönə üzr istəyirəm”, - deyib. 

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.

***

Prosesdə hökm oxunub. Hökmə əsasən “Nikosayağı”ya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib. Bloqer haqda seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılıb. 

Xatırladaq ki, prokuror bloqerin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərtilə 6 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Sail Ağasəlim

Fotolar: Xəyal Vəlizadə