Nisyə dəftərində adınız varmı?

nisye-defterinde-adiniz-varmi
Oxunma sayı: 1809


Bu yaxında xəstə ziyarətinə gedirdim. Lazım olan ünvana çatanda yaxındakı beşmərtəbəli binadan qışqırıq səsi eşitdim. Balkonda dayanmış ana 6-7 yaşlarında olan balasına səslənirdi: “Niyə qayıtdın, kartofun hanı?” Balaca uşaq isə aşağıdan üzüyuxarı anasına: “..... əmi vermir e, deyir borcunuz çoxdu”. Ananın səsi kəsildi, yorğuncasına “yaxşı, gəl evə” cavabını verdi. Görünür, borcu boğaza yığılmış özünü yox( üzü qalmamış), uşağını qabağa itələyərək bazarlığa göndəribmiş. Amma uşaq da əliboş qayıtdı. Bu səhnə qarşısında kimi günahlandırmaq məsələsi adamın başını yordu. Hardasa ailəni anlamaq istəsəm də, satıcının da günahına girib onu söymək vicdandan olmazdı. Yaxınımı ziyarət edəndən sonra qayıdanda nə isə almaq bəhanəsiylə həmin məhəllə mağazasına girmədən dura bilmədim. Mağazaya çatanda artıq hər şey cavabını tapırdı. Mağazanın xaricdən və daxildən hardasa hər tərəfinə “nisyə mal verilmir, üz vurmayın”, “nisyə yoxdu, ziyana işləyirəm” kimi yazılı şüarlar asılmışdı. Bu satıcının alıcıya bezmiş mesajları idi. Nə isə.. Mehriban birinə bənzəyən


dayıdan bir neçə alacağımı istədim. Pulu ödəyəndə gözüm onun qarşısındakı üz vərəqi getmiş iri blaknota sataşdı. Elə axtardığım da bu “nisyə dəftəri” idi. Bu satıcı dayının yanından ayırmadığı “varı, dövləti “ idi, bütün haqq-hesab, borclar orada toplanmışdı. Çəkinmədən “dayı nisyə mal vermək, deyəsən yorub sizi” demişdim ki, kişinin dərdi açıldı. “E, vallah bu mağazanı açmağa peşiman olmuşam, heç kəsin də xatirinə dəymək istəmirəm, amma kobud üz göstərib, pulumu istəyəndə də özüm pis oluram, camaat neyləsin..” deyib köks ötürdü. Suallarım o qədər çox idi ki, bilmədim necə sıralayım. Tək onu bildim ki, bu kişi pis birinə bənzəmir, borcunu( 100-150 manatlıq borc) bağlamayana belə ürəyi dözmür, çörəyini yenə də nisyə verir.

Bu gün “nisyə mal verilmir” kimi şərtləri qoyan o qədər mağaza var ki. Baxmayaraq ki, bu çağırış hər tərəfdə yazılır, mağazaya daxil olanda irivərəqli “nisyə dəftəri”ilə qarşılaşırsan. Nə qədər hər tərəfdə əhalinin vəziyyətinin yaxşı olması və yaxşılaşdırılması barədə xoş, ürəkaçan sözlər, fikirlər deyilsə də reallıq elə nisyə söhbətə dayanır. Nisyə danışmaq, nisyə çərənləmək cibinə gündə küllü miqdarda haram, amma nəğd pul daxil olanlarda lap yaxşı alınır.

Bu həmin ölkədir ki, burada aşağı təbəqə dediyimiz camaat uşağına nisyə yemək alır, orucunu nisyə ərzaqla açır. Aşağı təbəqə demişkən bu kimisə alçaltmaq mənasında işlənmir, bu “nisyəçilərə” altında maşını olanlar da daxildir. Maşınını da nisyə alan. Məhəllə mağazasında borcu( cibində pulu olsa da) lazımı həddə çatdırandan sonra gözdən itir. Belələrinə deyəcək söz də yoxdur.

Nisyə mal vermək iki insanın üz-üzə, göz-gözə “kişi kimi” anlaşması nəticəsində baş verir. Kaş elə, bütün nisyə söhbətlər “kişi kimi”, mərdi-mərdanə yerinə yetirilərdi.

Desəm inanarsınız ki, bu yaxında Lənkərandan gəlmiş tanışım orada nisyə tualetin də “fəaliyyət göstərdiyini” deyir. İnsanlar təbii ehtiyacını ödəmək üçün adını tualetin “nisyə dəftərinə” yazdırırlar. Bunu eşidəndə çox gülmüşdüm.

Vaxtiylə Astara olanda da orada çayxananın nisyə dəftəri vardı. Onda da bu məni təəccübləndirmişdi. Çoxluqla işsiz-gücsüz olan kişilər çayını içib dərdləşirlər axırda da bunu”dəftərə yaz” deyirdilər.

İndi bəzi işbazlar( iri mağazalar) malını sırımaq üçün güya alıcılara nisyə mal verirlər. İşin əslində isə həmin nisyə mal indi dəbə düşmüş kredit ödəməyə dayanır. “Demərsən ki, aldatdım” düşüncəlini, ayıq birini belə nisyə mal söhbətləri ilə “ovlamaq” asan iş deyil. Amma bu mağazaların da az alıcısı olmur a.

İqtisadiyyatımız “çiçəklənir” deyirlər, amma deyəsən çoxdan “gülünü töküb”.

Seçkilər gəlir, bu nəgd məsələdir, amma nisyə söhbətlər bollucadır. Nisbi sakitliyin nəğd nisyəçiləri gün o gün olsun nisyə dəftərlərini( satıcının pulunu ödədikdən sonra) toplayıb bir tonqal düzəldək və yandıraq. Eh, bu arzum da nisyə söhbətə oxşadı. Əbəs yerə deməmişlər, “nisyə, girməz kisəyə”.