Nizami rayonu Keşlə qəsəbəsində yerləşən XVII əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan Şah Abbas məscidinin əsaslı təmir və yeni minarənin tikintisi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, məscidin əsaslı təmiri və minarənin tikintisi yeni memarlıq layihəsi əsasında aparılır.
Ərazidə olan və tarixi əhəmiyyət daşımayan yararsız hala düşmüş köməkçi tikililər tamamilə sökülüb, tələbata uyğun olaraq 500 m2 sahəni əhatə edən yeniləri (qadınlar üçün ibadət zalı, 100 m2 ehsan zalı, dəstəmaz otağı, mətbəx, anbar və digər texniki otaqlar) tikilib.
Məscidin yaxınlığındakı köhnə bulaq kompleksi sökülüb və müəyyən olunmuş ərazidə yenisi tikilir, həmçinin Şəhidlər xiyabanında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
Görülən işlərlə yanaşı, məscidin yerləşdiyi Kamran Əfkari küçəsində də abadlıq-quruculuq işləri aparılır.
Qeyd olunan işlər Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.