“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu

“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər”
Oxunma sayı: 6474

Xəbər verdiyimiz kimi, Qaxda 9 yaşlı İbrahimxəlil Qasımzadə və onun əmisi oğlu 12 yaşlı Murad Qasımlı göbələkdən zəhərlənərək vəfat edib.

İbrahimxəlil Qasımzadənin dayısı, ektrasens Bayram Nurlu “Qafqazinfo”ya müraciət edərək iddia edib ki, hər iki uşaq həkim məsuliyyətsizliyinin qurbanı olub. Onun sözlərinə görə, həkimlər məsələnin ciddiyyətinin fərqinə varmayıb və uşaqları vaxtında Bakıya göndərməyiblər:

“Uşaqlar həmişə meşədən, bağdan göbələk yığıb yeyirmişlər. Bu dəfə yedikləri göbələk zəhərli olub. Səhərə yaxın saat 5-də halları pisləşib, xəstəxanaya aparıblar. Qax xəstəxanasında uşaqların mədəsini yuyublar, səhər saat 11-12 radələrinə evə buraxıblar. Deyiblər, “əlimizdən gələni elədik, yaxşı olacaq”. Amma uşaqlar evə gələndən sonra yenidən halları pisləşib. Yemək yeyə bilməyiblər. Həkimə zəng ediblər, deyib, “zəhərlənmədir, normal haldır”. Mən rayona çatanda gördüm ki, uşaqlar çox pis vəziyyətdədirlər. Bakıda tanış həkimlərə zəng etdim, dedilər yaxşı deyil. Kəndin həkiminə zəng etdim, tibb bacısı göndərdi. Tibb bacısı gəlib uşaqları görəndə dedi ki, “mən bu uşaqlara sistem qoşsam, əlimin altında qalacaqlar”. Təzədən uşaqları götürüb Qax xəstəxanasına çatdırdıq”.

Həmçinin oxuyun: Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir

Göbələkdən zəhərlənib ölən uşaqlarla bağlı - Rəsmi açıqlama

B. Nurlu bildirib ki, uşaqlara baxan həkimin adı Günay olub: "Ona deyiblər ki, uşaq Bayram Nurlunun bacısı oğludur. Nə lazımdır, gəlib edəcək. Həkim bunu biləndən sonra deyib ki, uşaqları təcili Bakıya çatdırın. Bakıya gətirəndən 2-3 saat sonra uşağın biri vəfat etdi, ardınca da o birisi. Bakıda deyiblər ki, uşaqlar zəhərlənən gün bura gətirilməli idi. Artıq zəhər uşaqların bütün bədəninə yayılıbmış”.

O, həkim məsuliyyətsizliyinə görə, ailənin rəsmi qaydada şikayət edəcəklərini də əlavə edib: “Həkim dünən televiziyada danışır ki, ilkin müayinə olunandan sonra uşaqları Bakıya göndərmişik. Niyə demirsən ki, uşaq gəlib mədəsini yumuşuq, evə göndərmişik?! 2 gün sonra vəziyyəti ağırlaşandan sonra Bakıya göndərmişik?! Həkim yalan danışıb. Uşağın xəstəxanadan evə qayıdandan sonrakı şəkilləri də var. O Qaxdakı savadsız, diplomu alıb orada oturan həkim uşaqları xəstəxanaya gedən gün sistem qoşub, ambulansla Bakıya göndərsə, bu hadisə yaşanmazdı. Bu, hadisə həkimin günahıdır. Mesajlarıma, zənglərimə cavab vermir. Lazımi orqanlara rəsmi qaydada müraciətlərimiz olacaq”.

B.Nurlunun sözlərinə görə, eyni göbələkdən uşaqların əmisi də yeyib. Yaşı daha çox olduğu üçün orqanizmi dözə bilib və hazırda xəstəxanadadır.

Amin Nəzərli