“Oğlum 69 ermənini şəxsən özü vurmuşdu”

oglum-69-ermenini-sexsen-ozu-vurmusdu
Oxunma sayı: 3164

Vətən müharibəsinin Tovuzun Yuxarı Öysüzlü kəndindən olan 24 yaşlı tankçı qəhrəmanı Yusif Ələsgərovu sizə tanıdacağıq.

Y. Ələsgərov sentyabrın 27-dən döyüşlərə qatılaraq müharibənin 42-ci günündə Xocavənd istiqamətində təpələrin birində 3 döyüş yoldaşıyla birgə şəhid olub. Cəbrayıl və Qubadlı rayonu istiqamətində döyüşlərdə iki dəfə yaralanıb. Oktyabrın 24-də Qubadlı istiqamətindəki döyüşlərdə kontuziya alıb kürəyindən yaralanaraq hospitala göndərilsə də, orada cəmi bir neçə gün qalıb. Həkimini vəziyyətinin yaxşı olmasına inandıraraq yenidən döyüşlərə qatılıb. Elə son döyüşü də düşməndən qənimət götürülmüş tankla olub. Xocavənddə yüksəliyə qalxan kimi düşmən tərəfindən tank əleyhinə raketlə vurularaq şəhid olub.

Y. Ələsgərov hərbi xidmətini Daxili Qoşunlarda başa vurub. Qayıtdıqdan 6 ay sonra yenidən sənədlərini yığaraq orduya verib. 2017- ci ilin axırlarından etibarən müddətdən artıq xidmət edirmiş. Ailədə bir bacı, bir qardaş olublar. Yusif  2 ildir ki, evlənibmiş. Ən böyük arzularından biri ata olmaq olub... 

Şəhidin atası Yaşar Ələsgərov “Qafqazinfo”ya bildirib ki, oğlu onunla sonuncu görüşündə də bu məsələyə toxunub:

“24 yaşı oktyabrın 14-də tamam oldu. Özünə maşın almaq istəyirdi. Yaralanmasından 3 gün sonra xəbər tutduq. Hospitala yanına getmişdik. Orda  yoldaşlarına göstərdiyi qəhrəmanlıqlardan danışırmış. Cəbrayılda meşənin içində komandirlə tankda yerlərini dəyişiblər. Yorulduqca bir-birlərini əvəz edirlərmiş. Döyüş yoldaşları danışır ki, tankın pulemyotunda 69 ermənini şəxsən özü vurub. Ermənilər sürüylə üstlərinə hücum çəkiblər. Güllələri yağdırıb ki, hamısı üstlərinə tökülsün, gələ bilməsinlər. 69-a qədər gülləni saya bilib, ondan sonra isə sayını itirib. Ermənilər tankı qrantamyotla vurublar. Tankın sepi dağılıb. Daha sonra əlbəyaxa döyüşüblər. 

Oktyabrın 24-də Qubadlı istiqamətində tanklarını ciddi şəkildə yaralayıblar. Tankdan düşüb aralananda növbəti dəfə minomyotdan atəşə tutulublar. İkisi də zərbədən tanka çırpılıb, komandirin onurğa sütunu qırılıb. Yusif özü də ağır yaralanıb. Bu vəziyyətdə belə komandirini çiyninə alaraq atəş xəttindən çıxarıb. Füzulinin hospitalında müalicə alırdı. 8-ci günü “sançast”a göndərilib. Həkim bildirib ki, kontuziyalıdır, kürəyi yaralıdır. Dərmanları içib müalicəni bitirməmiş heç hara getməsin. Orada dayana bilmirmiş, hərbçi yoldaşlarına zəng vurub soruşurmuş ki, necə oldu, tankın heyəti düzəldimi? Ürəyi partlayırmış, döyüşə qayıtmağa tələsirmiş. Həkimi aldadıb ki, yaxşıdır, səhhəti düzəlib. İzahat yazaraq “sançast”dan çıxıb. Horadizin qarajına gedib. Ermənidən gətirilmiş tankla Xocavənd istiqamətində döyüşə gediblər. 7 tank imiş. Əmr verilib və birinci bunların tankı təpəyə çıxıb. Xocavənddə təpənin başına qalxan kimi bunları tank əleyhinə raketlə vurublar. Elə həmin gün noyabrın 7-də Yusif şəhid olub. 8-də bizə məlumat verdilər. Ayın 9-da gedib nəşini gətirib kənddə dəfn etdik”.

Yusif sonuncu dəfə noyabrın 6-da atasıyla danışıb və ona nigaran qalmamasını söyləyib:

“Mənə dedi ki, ola bilsin, şəbəkə tutmayan istiqamətdə olsunlar. Buna görə də zəng etməyə bilər. Mən bir az danladım ki, sən tam sağalmamış çıxdın, hələ müalicə almalıydın. Acığı tutdu ki, hər şeyə bir söz tapıram. Dedi ki, tankçı mütəxəssis lazımdır, ona görə bizi qabağa göndərirlər. Noyabrın 7-də günorta həyat yoldaşıyla da danışıb. Sonra axşamacan zəng vurduq, zəng çatmadı. Bir də iş yoldaşlarına zəngdə deyib ki, atamı başa salın. Mən döyüşü 27-si başlamışam və axıracan da döyüşəcəm. O, döyüş yoldaşlarından geriyə qalmaq istəmirmiş. Hər dəfə irəliyə getməyə can atırdı”.

Qeyd edək ki, şəhid atası özü də müharibə iştirakçısıdır. O, 1992- ci ildə I Qarabağ müharibəsində savaşıb. II qrup Qarabağ əlili olan Y. Ələsgərov topçu olub. Ermənilər topu hədəfə götürən zaman top zədələnib. Ehtiyat topu götürmək istəyəndə isə düşmənin atdığı mərminin qəlpəsi yanına düşüb. Nəticədə kontuziya alıb və 3 yerdən yaralanıb.

Günel Türksoy