“Bu mövzu universal xarakter daşıyır. 1991-ci ilə qədər Azərbaycan Sovet İttifaqının tərkibində idi və qeyri-rəsmi yaşayış sahələri və gecəqondular mövcud olsa da, onlar heç vaxt dövlət siyasətinin predmeti kimi qəbul edilmirdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində “Hər kəsi mənzillə təmin etmək məqsədilə nizamsız məskunlaşma yerlərinin və gecəqonduların yenidən qurulması" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ölkə 1991-ci ildə müstəqilliyin gətirdiyi çağırışlar və dövlət quruculuğu zərurəti ilə qarşı-qarşıya idi: “Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalı və qaçqınların - Ermənistanda yaşayan etnik azərbaycanlıların, eləcə də işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin axını ikinci çox böyük təzyiq nöqtəsi oldu. Niyə ikinci? Çünki əslində bu proses hələ sovet dövründə, 1989-cu ildə başlamışdı və biz artıq ilk qaçqın dalğasını qəbul etmişdik.
Bu problem üçüncü bir faktorla - bütün postsovet ölkələrinin daxilində olduğu sosial-iqtisadi böhranla birləşdi. Miqyası təsəvvür etmək üçün deyim ki, 1994-cü ildə Azərbaycan iqtisadiyyatı 1991-ci ildəki iqtisadiyyatımızın cəmi üçdə birini təşkil edirdi. Və təbii ki, bu da əlavə çətinliklərə yol açdı.
Sonuncu, məqam isə ondan ibarətdir ki, növbəti onillikdə əsasən iqtisadi çətinliklərdən qaynaqlanan məcburi sosial miqrasiya prosesi də ümumi mənzərəyə əlavə olundu. Bütün bunlar demoqrafik bum fonunda baş verirdi. Belə ki, müstəqillik qazanılan dövrdə ölkə əhalisi 7 milyon idisə, növbəti 25 il ərzində bu rəqəm 10 milyona çatdı.
Ümumi mənzərəyə baxsaq, ölkədəki hər səkkiz vətəndaşdan biri ya qaçqın, ya da məcburi köçkün statusunda idi. Ciddi demoqrafik artımla yanaşı, müəyyən sosial-iqtisadi çətinliklərlə də üz-üzə idik ki, biz bunları 90-cı illərin sonlarına doğru stabilləşdirməyə və idarə etməyə başladıq”.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər