“Ölkəmizdə avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən çoxdur” - Nazir müşaviri

olkemizde-avtomobillerin-80-faizden-coxunun-yasi-10-ilden-coxdur
Oxunma sayı: 3502

“Artıq uzun illərdir ki, Azərbaycanda iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayı da sürətlə artır. Amma təssüf ki, idxal olunan avtomobillərin əksəriyyətinin istehsal tarixi köhnədir və həm ekoloji, həm də təhlükəsizlik nöqteyi-nəzərindən müəyyən tələblərə cavab vermir”.

Bu barədə “Qafqazinfo”ya ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, belə avtomobillərin idxalı avtomobil parkının durmadan köhnəlməsinə gətirib çıxarır ki, bu da ətraf mühit, insan sağlamlığı üçün müəyyən fəsadlarla nəticələnir: “Azərbaycanda istehlakda olan avtomobillərin təkcə 80 faizdən çoxu yaşı 10 ildən çoxdur. Yaşı 30 ildən yuxarı maşınların sayı isə 20 faizdən yuxarıdır. Zavod buraxılış tarixi 40 ildən yuxarı olan avtomobillər var. Bunlar onu göstərir ki, avtomobil parkı durmadan köhnəlir və statistik rəqəmlərə baxanda köhnə avtomobillərin faizinin təzə avtomobillərin faizinə nisbətən daha sürətlə artdığını görürük. Bu isə son nəticədə ətraf mühitlə, insan sağlamlığı ilə, ekoloji vəziyyətlə bağlı fəsadlara gətirib çıxarır. Ona görə də, Nazirlər Kabinetinin dünən təsdiq etdiyi qərara görə, zavod buraxılış tarixi 10 ildən çox olan avtomobillərin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması həm avtomobil parkının köhnəlməsinin qarşısının alınmasına, həm də avtomobil nəqliyyatı sektorunun insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərinin azaldılmasına xidmət edəcək”. 

Nazir müşaviri əlavə edib ki, sözügedən qərar, həmçinin digər ölkələrdə istifadəsi məhdudlaşdırılan avtomobillərin ölkəmizə axınının qarşısını alacaq: “Avropa İttifaqında, digər inkişaf etmiş ölkələrdə benzin və dizellə işləyən avtonəqliyyat vasitələrinin dövriyyəsi, həm istehsalı, həm də idxalının azaldılması, tədricən qadağan edilməsi istiqamətində işlər görülür. Bu o deməkdir ki, müəyyən müddətdən sonra o avtomobillərin hamısı çox asanlıqla inkişafda olan və ya az inkişaf etmiş ölkələrə yönələcək ki, onun da böyük hissəsinin Azərbaycana gətirilmə təhlükəsi var. Hesab edirəm ki, bu çox düzgün addımdır və müəyyən müddətdən sonra biz araşdırma aparanda hiss edəcəyik ki, ətraf mühitlə, atmosferin keyfiyyəti ilə bağlı müəyyən müsbət dəyişikliklər olacaq”.

Gülnar Əliyeva