“Ölü”də diri qalıb... - Fotolar

olude-diri-qalib
Oxunma sayı: 11039

Ölü dənizin tən ortasında duzlu adada bitən bu tənha ağac turistləri təəccübləndirməyə davam edir.

“Qafqazinfo” xəbər verir ki, heç bir canlının yaşaya bilmədiyi, ümumiyyətlə bitki örtüyündən məhrum olan bir yerdə bu ağac əsl möcüzəni xatırladır.

Demək olar ki, bütün sosial şəbəkələr və səyahət bloqları bu möcüzənin şəkilləri ilə doludur, lakin çox az adam onun belə sərt şəraitdə necə yaşadığından xəbərdardır.

Eyn Bokek çimərliyindən xeyli aralıda duz kristalları və firuzəyi su ilə əhatə olunmuş məşhur Duz Adası yerləşir.

Adanın ortasındakı kiçik göldə bu tənha ağac budaqları bükülü halda dayanır.

Məlumat üçün qeyd edək ki, ölü dənizdə duzun miqdarı okeandakından on dəfə çoxdur.

Elə buna görə də ölü suyun ortasındakı bu canlı bitki insanlarda heyranlıq hissi yaradır.

Qeyri-adi ağacın budaqlarında qönçələr var və onun kökləri adanın duz səthinin altına kimi uzanır.

“Həyat ağacı” kimi də bilinən bu təbiət incisinin fərqli həyat hekayəsi var.

Bəzi mənbələrin məlumatına görə, yerli rəssamlardan biri illər öncə ağacı bura instalyasiya kimi əkib.

Rəssam ağacın qısa müddətlik də olsa diri qalması üçün hər gün adaya torpaq gətirirmiş.

Lakin zaman keçir və “Həyat ağacı” torpaq olmadan da, kök saldığı yerin şəraitinə uyğunlaşmağı bacarır.

Nəzərə alsaq ki, Ölü dəniz həqiqətən də tədricən ölür, onda bu ağaca “Ölü”də diri qalıb demək təkcə söz oyunu yox, həm də reallıqdır.

Fərqi yoxdur o burada özü yetişib və ya kimsə tərəfindən gətirilib. Ağacı mistikləşdirən onun belə şəraitdə illərlə necə sağ qalmasıdır.

Elə bu əzminə görə, “Həyat ağacı”nı hamı təbiətin özünün yaratdığı sənət əsəri kimi qəbullanır.

Telli Minbir