Onlar da avroya keçir

onlar-da-avroya-kecir
Oxunma sayı: 1758

“Macarıstan hökuməti ölkənin 2030-cu ilədək Avrozonaya qoşulması üçün zəruri şərtləri yerinə yetirməyi hədəfləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ölkənin Baş naziri Peter Madyar Budapeştdə Avroqrupun prezidenti və Yunanıstanın maliyyə naziri Kiriakos Pierrakakis, eləcə də, Macarıstanın maliyyə naziri Andraş Karmanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, “Maastrixt meyarları”nın yerinə yetirilməsi ölkənin iqtisadi sabitliyini gücləndirəcək və uzunmüddətli inkişafına töhfə verəcək.

Madyarın sözlərinə görə, hökumətin məqsədi 2030-cu ilədək Avrozonaya üzvlük üçün bütün tələbləri yerinə yetirməkdir.

Baş nazir əlavə edib ki, avroya keçid iqtisadi sabitliyi artıracaq, investorların etimadını gücləndirəcək və ölkəni biznes üçün daha proqnozlaşdırılan edəcək. O, həmçinin bunun Viktor Orban hökumətinin iqtisadi siyasətində buraxılmış səhvlərin təkrarlanmasının qarşısını almağa kömək edəcəyini bildirib.

Peter Madyar etiraf edib ki, Macarıstan hələ avronun qəbul edilməsi üçün bütün şərtlərə cavab vermir. Onun sözlərinə görə, ən ciddi problemlər dövlət büdcəsi kəsirinin və dövlət borcunun azaldılmasıdır.

Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin avroya keçməsi üçün “Maastrixt meyarları”na uyğun olaraq qiymət sabitliyi, davamlı dövlət maliyyəsi, məzənnə sabitliyi və uzunmüddətli faiz dərəcələri ilə bağlı tələbləri yerinə yetirməsi vacibdir.