Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Baş nazir Kir Starmeri istefa verməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İvett Kuperlə yanaşı, daxili işlər naziri Şabana Mahmud, nəqliyyat naziri Heydi Aleksander və energetika təhlükəsizliyi naziri Ed Milibend də Baş nazirə vəzifəsindən getməsi və ya istefa tarixi təyin etməsi üçün müraciət ediblər.
Britaniya mətbuatı yazır ki, son günlər dəstəyi kəskin şəkildə azalan Starmerin istefası artıq an məsələsidir. Hökumətdəki yüksəkrütbəli mənbə “The Telegraph” qəzetinə bildirib ki, çətin vəziyyətdə qalan Baş nazir “oyunun bitdiyini” anlayır və artıq özündən sonra qoyacağı siyasi miras barədə düşünməyə başlayıb.
Buna baxmayaraq, Starmerə yaxın mənbələr onun hələ son qərarı vermədiyini bildirirlər. Kabinetdə onun mübarizəni davam etdirməsini və vəzifədə qalmasını istəyənlər də var. Ekspertlər isə Baş nazirin siyasi böhranın dərinləşməməsi üçün yaxın saatlarda rəsmi bəyanatla çıxış edə biləcəyini ehtimal edirlər.
Xatırladaq ki, bundan öncə ABŞ Prezident Donald Tramp da Baş nazirin istefa verəcəyini bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər