-Sizi birinci şairə kimi tanıdıq, indi isə daha çox köşə yazırsız. Şeir yazmaq asandır, yoxsa köşə?
-Hər ikisi zəruri ehtiyacdan doğurvə hər ikisi üçün istedad lazımdı. Bəzən yazıları da şeir kimi yazıram. Əgər riyazi hesablama aparmırsansa, yəni əlinə qələm almısansa, yaxud klaviatura arxasında əyləşmisənsə mütləq ədəbi təfəkkürün olmalıdı. Söhbət yazarlardan gedir. Bu mənada şeir ilə köşənin zəhməti identikdir. Fərq burasındadı ki şeir səsdi, melodiyadı, pıçıltıdı...
-Şeirlərinizin hamısı gündəm, fakta söykənir. İndi isə yazmırsız. Sizin üçün gündəm bitdimi?
-Yazıram. Sadəcə bir az kənara çəkilib müşahidələr aparmaq istədim. Yəni əvvəllər yazanda çap etdirməyə çalışırdımsa, indi vəziyyət başqa cürdü. Yazdıqlarımı dəmə qoymuşam (Gülür). Bu dəfəki şeirlər kitabım tam fərqli olacaq. İstər mövzu, istər forma baxımdan fərq hiss olunacaq. Tam yeni bir yanaşma... Bu aralar Füzulini daha çox oxuyuram. Füzulini oxumadan yazılan şeirlər özülsüz olur.
“Keçdi meyxanədən el,məsti-meyi eşqin olub
Nə mələksən ki, xərab etdin evin şeytanın.”
Sözlə ancaq bu cür gözəl işləmək olar...
-İlk baxışdan çox ağır xasiyyətinizin olduğu görünür,sanki az danışan, insanlara qaynayıb-qarışmayan təəssüratı yaradırsız. Bu belədirmi, yoxsa yanılırıq?
- Həyat çox qısadır. Ağciyərimizə və çənəmizə heyfimiz gəlməlidi. Bir dəfə Ukraynanın kənd təsərrüfatı komissarı hesabat vermək üçün Kremlə dəvət olunur. Qəbul zamanı o, Stalindən soruşur ki, yoldaş Stalin, ətraflı məlumat verim, yoxsa qısa? Stalin deyir: “İstəyirsiniz ətraflı danışın, istəyirsiniz qısa məruzə edin, öz işinizdi. Ancaq nəzərinizə çatdırıram ki, cəmi üç dəqiqə vaxtınız var.” Fikirlərimi çatdırmaq üçün vaxta həmişə qənaət edirəm. Boşboğazları, çox danışmağa meylli adamları başa düşmürəm. Adam tanıyıram ki, fikrini bir cümlə ilə izah edə biləcəyi halda başdan başlayır. Yazılarım da işarə etibarilə uzun olmur. Qaynayıb-qarışmaq məsələsi qəlizdi. Hər adamla ünsiyyət qurmaq çətindi.Babamın, atamın, əmilərimin, bütün qohum-əqrəbamın nə qədər ağır təbiəti olsa da əsrarəngiz yumorları var. Şitliyi, yersiz zarafatı yox, yumoru çox sevirəm. Yumor hissi olmayan adamın intellektinə şübhəm var. Amma təbii ki, yerində və məqamında. Bu, o deməkdir ki, təəssüratlara çox da etibar etməyin (Gülür).
-Amma şeirlərinizdə əksinə, insanlara çox yaxın görünürsüz. Belə görünür həmyaşıdınız olan gənc yazarlarla yaxın münasibətiniz yoxdur.
-Yazı, şeir ruh məsələsidi. Səhhətimdə yaranmış problemlə əlaqədar, insanlardan bir az uzaq durmağa çalışıram. İndi adamlar problem içərisindədir. Öz problemlərimlə adamları yormadığım kimi başqalarının problemi ilə də beynimi çox yormuram. Bu, artıq həkimlərin tapşırığıdı: mənfi auralı adamlardan, ağlaşma proqramlarından, neqativ enerjidən, stressdən, əsəbdən uzaq durmalıyam. Əvvəllər buna əhəmiyyət vermirdim. Ötən il ağır vəziyyətdə xəstəxanaya yerləşdiriləndən sonra deyilənlərə əməl edirəm. İnsana ilk öncə sağlam can lazımdı. Yazarlarla münasibətim o dərəcədə yoxdu. Virtual tanıdıqlarım var. Özüm istəmirəm.Amma yaradıcılıqlarını izləyirəm. İndi ədəbiyyatda şəxsiyyət problemi olsa da istedad problemi yoxdu.
-Bir dəfə xatırlayıram, sizi telekanalların birində verilişə dəvət etdilər, getmədiz. Səbəb nə idi, böyük auditoriyanın sizi tanımağını istəmirsiz?
-Çağırdıqları üçün sağ olsunlar. Amma onu da özüm istəmirəm. Bu, inzivaya-filan çəkilmək deyil. Sadəcə efirdə ictimai yükü olan problemlər haqda danışmaq, adamların mübahisə etməsinə baxmaq istəmirəm. Qalmaqal, adamların səsini yüksəldərək danışması xoşuma gəlmir. Ədəbi verilişləri də elə vəziyyətə çatdırıblar ki, adam iştirak etmək nədi, baxmağa xəcalət çəkir... Yazarların efirlərdə tənqid, təhqir olunması ədəbiyyatı biabır etmək deməkdi. Yazmaqla istədiklərimi deyirəm...
-İndiki yazarlar daha çox açıq-saçıq yazı yazmaqla gündəmə gəlirlər. Özünüz də daxil olmaqla niyə yazarlar məhz yazılarında seks, intim, zorlama,əxlaq mövzularına daha çox yer ayırırlar?
-Baxır, mövzuya hansı aspektdən yanaşmağına. Əxlaqsız adamlar istənilən cəmiyyət tərəfindən qəbul olunmur. İnsanların bədənini sataraq çörək qazanması yox, əməyinin, zehninin qarşılığında pul qazanmasını istəyirəm. Əsrlər öncə Hüqo Fantinanın timsalında yoxsulluğun, maddi ehtiyacın bir qadının necə cəmiyyət tərəfindən çıxdaş edilməsini, faciəvi sonluğunu yazmışdı. Tenardyelər varsa Fantina kimilər də olmalıdı. Eləcə də Dostoyevskinin Sonyasının ehtiyacdan fahişəliyə məcbur edilməsi... Əsrlərdir bədii ədəbiyyat, fikir adamları bunu deyir. Amma yazılanların heç bir faydası olmur. Çünki insanlar oxuduqlarından nəticə çıxarmırlar. Və ya ümumiyyətlə, oxumurlar. Araşdıraq, görək, insanlar niyə əxlaqsız olur? Niyə elə problemlər var ki, heç bir dövrdə həll olunmur? Başqalarını deyə bilmərəm, mən bu problemlərdən ağrıdığım, sarsıldığım üçün yazıram... Fevral ayında 29 yaşlı əmim oğlu cahilliyin qurbanı oldu. Ömür boyu kitab arası açmayan, mənasız mübahisəni qətllə tamamlayan cahillər topluma fahişələrdən çox zərər yetirir. Yəni bu boyda faciələri görüb yazmamaq olmur.
-Yeri gəlmişkən, iyunun 17-si AYB-nin 12 –ci qurultayı keçiriləcək. Maraqlı olar fikirləriniz...
-Oyunçu aparsın...