Vyetnam mediası Azərbaycan Prezidentinin səfərindən yazır

vyetnam-mediasi-azerbaycan-prezidentinin-seferinden-yazir
Oxunma sayı: 101

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri bu ölkənin aparıcı dövlət informasiya agentliklərinin, partiya nəşrlərinin, teleradio şirkətlərinin və xəbər portallarının diqqət mərkəzində qalmaqdadır.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, portallar dövlətimizin başçısının Vyetnamın rəhbər şəxsləri ilə danışıqları, görüşləri, eləcə də ikitərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri ilə bağlı çoxsaylı məlumatlar yayırlar.

Mərkəzi partiya qəzeti “Nyan Zan”, Vyetnam Kommunist Partiyasının elektron portalı “dangcongsan.vn”, parlamentin rəsmi nəşri “Xalq nümayəndələri”, “Vyetnamın səsi” radiostansiyası, Vyetnam İnformasiya Agentliyi, “Vietnam.vn” portalı və "Báo Mới" xəbər aqreqatoru Prezident İlham Əliyevin Hanoyda parlament binasında Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşü barədə geniş xəbərlər və fotoreportajlar dərc ediblər. Materiallarda iki dövlət arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün parlamentlərarası dialoqun əhəmiyyəti vurğulanır.

“Nhân Dân”, VOV, “VietnamPlus”, “Báo Tin tức và Dân tộc”, Vyetnam İnformasiya Agentliyinin ingilisdilli vnanet.vn resursu, “Vietnam.vn” və “Báo Mới” Azərbaycan Prezidentinin Vyetnamın Baş naziri Le Minh Hunq ilə danışıqlarına da geniş diqqət ayırıblar. Media resursları görüşdən fotomateriallar təqdim edib, müzakirə olunan məsələlərlə bağlı təhlillər hazırlayıb, tərəflərin iqtisadi-ticari və investisiya sahələrində praktiki əməkdaşlığı genişləndirmək niyyətində olmaqları ilə bağlı fikirlərini oxucuların diqqətinə çatdırıblar.

İnformasiya resurslarının xəbər lentində dövlətimizin başçısının paytaxt Hanoyda “İnqilab şəhidləri” abidəsinin önünə əklil qoyması mərasimi, həmçinin Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət etməsi barədə xüsusi reportajlar da yer alıb.

Vyetnam mətbuatında səfərlə əlaqədar ikitərəfli münasibətlərin tarixinə və gələcəyinə həsr olunmuş analitik və icmal xarakterli məqalələr də dərc edilib. Belə ki, “PetroTimes” nəşrində yayımlanan “Bakı — Hanoy: 67 illik vahid enerji mənbəyi” sərlövhəli məqalədə Azərbaycan və Vyetnam arasında neft-qaz və energetika sahələrində uzunillik əməkdaşlığın tarixi nəzərdən keçirilir. Eyni zamanda, ingilisdilli “Vietnam Law & Legal Forum” jurnalı “Vyetnam və Azərbaycan strateji tərəfdaşlığı məzmunlu şəkildə inkişaf etdirmək niyyətindədir” başlıqlı materialında iki ölkə arasındakı siyasi dialoqun və strateji tərəfdaşlığın konkret layihələrlə zənginləşdirilməsi istiqamətində atılan addımları təhlil edir. Yazıda diplomatik əlaqələrin 1992-ci ilin sentyabrında qurulmasından bəri əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndiyi, ticarət dövriyyəsinin 2025-ci ildə təxminən 150 milyon ABŞ dollarına çatdığı vurğulanır. Materialda, həmçinin Vyetnamın ölkəmizdəki səfiri Danq Min Xoyun fikirlərinə istinadla Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa bazarlarına, Vyetnamın isə ASEAN bazarına çıxış baxımından mühüm logistika və ticarət qapısı rolu oynaya biləcəkləri, eləcə də nəqliyyat-logistika, rəqəmsal transformasiya, yüksək texnologiyalı kənd təsərrüfatı və təhsil sahələrində yeni imkanların mövcud olduğu bildirilir.

Qeyd edək ki, Vyetnamın media resursları Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinə dair silsilə materiallar hazırlamaqda davam edir.