Kişiləri xilas edək, qadınlar sağ qalsın!

kisileri-xilas-edek-qadinlar-sag-qalsin
Oxunma sayı: 408

Bir neçə gün əvvəl sosial şəbəkədə qızğın bir mübahisənin ortasına düşdüm. Jurnalist həmkarlardan biri yazmışdı ki, gənclər, xüsusən də oğlanlar avtobusda qadınlara yer vermir. Hətta bir az da emosiyaya qapılıb bu davranışı sərgiləyənlərə “tərbiyəsiz” damğası vurmuşdu. Ümumiyyətlə, heç vaxt başa düşməmişəm ki, insan sırf qadın olduğu üçün niyə ictimai nəqliyyatda mütləq oturmalıdır? Ayaq üstə durmaqda heç bir çətinlik çəkməyən, gümrah, orta yaşlı qadın niyə özünü imtiyazlı şəxs kimi aparmalıdır?

Axı başqa seçimlər də var: növbəti boş avtobusu gözləmək, lap narahatdırsa, taksi ilə getmək və s. Bəs bu gənclərin yorulma ehtimalı niyə heç kimin ağlına gəlmir? Niyə yaşın azdırsa və kişisənsə mütləq avtobusun dəmirindən sallanmalısan? Marketlərdə, anbarlarda 10-12 saat ayaq üstə çalışan vitaminsiz, cılız və yorğun oğlan oturursa, niyə dərhal “tərbiyəsiz” elan olunur? Əziz adamlar, bu, tərbiyə meyarı deyil, olmamalıdır da!

Qarşınızdakı şəxs doğrudan da oturmağa məcbur görünmürsə – körpə uşaqlı, hamilə, fiziki məhdudiyyətli, çox yaşlı deyilsə, yerinizi ona niyə verirsiniz? Axı statistikalara baxanda görürük ki, bu gün xidmət sektorunda, ağır fiziki işlərdə çalışanların böyük əksəriyyəti məhz 18-25 yaş arası gənclərdir. Günün 12 saatını ayaq üstə keçirib bədəninin bütün enerjisini xərcləyən o gənci, xüsusən də kişiləri rahatlıq hüququndan məhrum etmək nə dərəcədə ədalətlidir? İki gün əvvəl sosial şəbəkələrdə paylaşdığı şəkillərə görə ögey qardaşı tərəfindən öldürülən rəssam xanımın xəbərini oxumusunuz yəqin ki.

İlk baxışda avtobusdakı oturacaqla bu qanlı cinayətin nə əlaqəsi var deyə düşünə bilərsiniz. Amma bir az dərindən baxanda hər ikisinin eyni kökdən su içdiyini görürük. Sizə də elə gəlmirmi ki, bu “qeyrət-namus keşikçiliyini” və başqa bir sürü mənasız öhdəliyi kişilərin boynuna bəzən elə biz özümüz qoyuruq? Avtobusda ayaq üstə qalmaq da kişiliyin yazılmamış qaydalarından birinə çevrilib: kişi yorulsa da, qadına yer verməli, öz rahatlığından imtina etməlidir. Küçədə bir az açıq-saçıq, yaxud cəmiyyətin gözünə vulqar görünən geyimdə bir qadın görən kimi dilimizdən ilk çıxan cümlə nə olur? “Bunun atası, qardaşı hara baxır?!” Heç kim soruşmur ki, o yetkin insanın öz ağlı, öz seçimi hanı? Hamı dərhal gözünü onun evindəki kişilərə dikir. Bir qadının ən kiçik xətasında belə dərhal “atasının papağını yerə soxdu” deyib bütün məsuliyyəti və utancı o kişinin başına yıxırıq. Bacısının, dayıqızının, əmiqızının geyimini, sosial şəbəkədəki şəklini, addımını güdməyi onların boynuna zorla qoyuruq. Fəlsəfədə və sosiologiyada “gender rollarının basqısı” deyilən bir anlayış var.

Biz oğlan uşaqlarını elə körpəlikdən bu basqının – bu qəfəsin içinə salırıq. “Kişi ağlamaz”, “kişi yorulmaz”, “kişi evdəki qadınların hər hərəkətinə cavabdehdir” deyə-deyə onların insani duyğularını kütləşdiririk. Təsadüfi deyil ki, rəsmi hesabatlarda da intiharların, ağır cinayətlərin, ürək-damar xəstəliklərinin və erkən ölümlərin böyük faizi məhz kişilərin payına düşür. Çünki cəmiyyət onlara zəif olmağı, yorulmağı, sadəcə öz həyatını yaşamağı qadağan edib. Avtobusda qadına yer verməyəndə “tərbiyəsiz” damğası vurduğumuz o yorğun gəncə, başqasının davranışına nəzarət etməyəndə həm də “qeyrətsiz” deyirik. Əlbəttə, heç bir ictimai qınaq, heç bir saxta mental stereotip insan həyatına qəsd etməyə, qatil olmağa bəraət qazandıra bilməz.

Qanun qarşısında da, vicdan qarşısında da can alan hər kəs öz cinayətinə görə təkbaşına məsuliyyət daşıyır. Lakin biz cinayətkarı cəzalandırarkən, onun əlinə o bıçağı verən ən xırda detalları – “el-oba nə deyər?”, “papağım yerə soxuldu” kimi zəhərli təlqinləri də görməzdən gələ bilmərik. Bu zənciri qırmaq üçün böyük inqilablara da ehtiyac yoxdur, bəlkə də, insanı cinsiyyət qəlibindən çıxarıb, müstəqil bir fərd kimi baxmağı öyrənmək kifayət edir. Biz nəhayət qəbul etməliyik ki, qadın bu dünyada kiminsə arvadı, kiminsə bacısı, kiminsə “qeyrət yükü” və ya “papağı” olmaq üçün doğulmayıb. Qadın öz ağlı, öz iradəsi, öz seçimi və öz səhvləri ilə bütöv bir şəxsiyyətdir, müstəqil fərddir. Onun davranışı yalnız öz vicdanının və öz həyatının məsuliyyətidir, evdəki kişilərin boynundan asılmış imtahan kağızı deyil. Eynilə kişilər də qadınların nə qəyyumu, nə mühafizəçisi, nə də onların əvəzinə cəza kəsən hakimi deyillər.

Biz övladlarımıza – həm qızlarımıza, həm də oğlanlarımıza fərdi sərhədləri öyrətməliyik. Qızlarımıza öz həyatlarının tamhüquqlu sahibi olmağı, oğlanlarımıza isə kiminsə geyiminin, şəklinin qarovulçusu olmamağı, yorğun halda sırf kişi olduğu üçün ayaq üstə durmağa məcbur qalmamağı aşılamalıyıq. Qoyun o yorğun gənc axşam evinə gedəndə avtobusda rahat otursun, evə çatanda isə “camaat nə deyər?” qorxusu ilə bacısının telefonunu yoxlamaq əvəzinə öz arzularının, öz gələcəyinin dərdini çəksin. Çünki qadının azadlığı kişinin nəzarətindən, kişinin dəyəri isə qadına nə qədər nəzarət edə bilməsindən asılı olmamalıdır. Nə qadın kişinin namus əmanətidir, nə də kişi cəmiyyətin ona biçdiyi kişilik rolunun məhbusu.

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün