“Nar ağaclarını kəsib yerində restoran tikirlər” - Video-Yenilənib

nar-agaclarini-kesib-yerinde-restoran-tikirler
Oxunma sayı: 1531

“Məhəlləmizin yanında əkdiyimiz nar ağaclarını kəsirlər...”

Bu barədə “Qafqazinfo”ya Əhmədlidə Məzahir Rüstəmov 15 ünvanında yaşayan vətəndaş Elmin Bağırov müraciət edib. 

O iddia edib ki, bütün ağaclar kəsilərək ərazi şumlanıb və tikintiyə hazırlıq prosesi gedir: “Sakinlər olaraq binamızın yaxınlığında aparılan tikinti işlərindən ciddi narazıyıq. Yaşayış binasına həddindən artıq yaxın məsafədə restoran tikilməsi heç bir halda düzgün deyil. Burada yaşayan insanların da ailəsi, şəxsi həyatı, rahatlığı və istirahət hüququ var. Təəssüf ki, tikinti aparılarkən sakinlərin bu hüquqları nəzərə alınmayıb. Digər və daha ciddi narahatlığımız isə ərazidəki ağacların məhv edilməsidir. Bütün ağaclara qıyırlar, biz hətta nar ağacları əkmişdik, hamısı kəsilib.

Burada aparılan tikinti işləri zamanı mövcud ağaclar yük maşınları və traktorlarla zədələnərək məhv edilib. Aidiyyəti qurumlarından xahiş edirik ki, bu məsələni nəzarətə götürsünlər”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi İradə İbrahimova sorğumuza cavab olaraq bildirdi ki, qeyd olunan məsələ Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır: “Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.

***

İddialarla bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən ərazidə qurum tərəfindən araşdırma aparılıb: “Obyekt vətəndaş Aslanov Elməddinə məxsusdur və xüsusi mülkiyyətdədir. Hazırda orada hər hansı tikinti işləri aparılmır. Obyektə dair bütün sənədlər qaydasındadır. Sadəcə E.Aslanov öz ərazisində abadlıq işləri görür. Ağacların kəsilməsi ilə bağlı yaranmış məsələ isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə araşdırılır”.

Fidan Etibar