AHİK mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, Həsənov Zaur Həsən oğlunun iaşə obyekti kimi işlətdiyi sözügedən torpaq sahəsi Bakı şəhər Xalq Deputatları Sovetinin 22 mart 1985-ci il tarixli 1/12 saylı qərarı ilə dənizkənarı sahil zonası yaratmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx» sanatoriyası üçün ayrılıb: "Nəzərinizə çatdırırıq ki, istifadəmizdə olan torpaq sahəsi hətta inzibati ərazi kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli 811 saylı qərarı ilə Bibi-Heybət bələdiyyəsinə təhvil verilmiş olsa belə, onun mülkiyyətinə verilməmiş və torpaq istifadəçisi dəyişdirilməyib. Bundan başqa, «Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2003-cü il tarixli sərəncamı ilə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqların dövlətin müstəsna mülkiyyətində olması müəyyənləşdirilib. İcarə müqaviləsi bağlanan zaman mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmaqla «Şıx» sanatoriyasının qanuni istifadəsində olub".
Cavabda qeyd olunur ki, yuxarıda göstərilən faktlara əsasən, Bibi-Heybət Bələdiyyəsi tərəfindən «Şıx» sanatoriyasının qanuni və daimi istifadəsində olan 1,67 ha torpaq sahəsi hüdudlarında torpaq sahəsinin Həsənov Zaur Həsən oğluna icarəyə verilməsi, həmin ərazidə iki otaqdan ibarət ictimai-iaşə obyektinin tikilməsi, sahil boyunca stol və stulların qoyulması qanunauyğun deyildir: "Nəzərinizə çatdırırıq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx» sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Həsənov Zaur Həsən oğlu tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Z. Həsənovun şikayəti əsassız sayılıb".
Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsində bildirilir ki, Bibi-Heybət Bələdiyyəsi ilə Həsənov Zaur Həsən oğlu arasında bağlanmış 25 saylı 8 aprel 2005-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilsin: "Şıx" sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən çimərlik zonasında 70 kv.m torpaq sahəsində Həsənov Zaur Həsən oğlu tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülsün və sahə boşaldılsın.
İddiaçılar tərəfındən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara müştərək qaydada ödənilsin.
Apellyasiya şikayəti qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər".
Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)- 1434/09 saylı iş üzrə 10.09.2009-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlayıb.
Ali Məhkəmə də Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadını qüvvədə saxlayıb.
AHİK vurğulayır ki, bütün bunlara baxmayaraq Z. Həsənov müxtəlif vaxtlarda yuxarı instansiyalara böhtan dolu, təhqiramiz, şantaj xarakterli məktublar yollayıb, həqiqətə uyğun olmayan fikirləri ilə məqsədinə çatmağa çalışıb: "Sonralar Z.Həsənov AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevə unvanladığı məktublarının birində öz yazdıqlarını təkzib də edib. Həmin məktubun bir hissəsini sizə təqdim edirik: “Bunları yazmaqda mənim - döyüşlərdə sağlamlığını itirmiş bir döyüşçünün məqsədi Sizdən dəfələrlə üzr istəməkdir. Belə ki, Sizin böyük ziyalı olmağınızı, kasıb-küsuba əl tutan, ehtiyacı olanlara yardım edən, xeyirxah bir insan olmağınızı mən bilməmişəm. Mənim komandirlərim Sizin haqqınızda mənə elə sözlər dedilər ki, mən yazdıqlarıma görə xəcalət hissi keçirdim. Daha dəqiq desək, yazdıqlarıma görə yox, vəkillərimin mənim üçün yazdıqlarına və mənim isə onları oxumadan altından qol çəkməyimə görə. Çox xahiş edirəm, məni bağışlayasınız”. Təəssüf hissi ilə qeyd edirik ki, bəzi mətbuat orqanları əldə etdikləri məlumatları jurnalist təhqiqatı aparmadan, qarşı tərəfin fikirlərini öyrənmədən öz səhifələrində yerləşdirirlər. Bu isə KİV haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə yanaşı həmin orqanın nüfuzuna da mənfi təsir etmiş olur".
Qeyd edək ki, Z.Həsənov iki gün öncə mətbuata açıqlamasında bildirib ki, mülkiyyət hüquqları AHİK tərəfindən ciddi şəkildə pozulub: “Vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar Konfederasiyası 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi”.
Zaur Həsənov torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu deyib: “Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum. Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Mehbalıyev əlimdən aldı. Ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandıracam”.