“Pitomnik bağı” ilə bağlı - Açıqlama

pitomnik-bagi-ile-bagli
Oxunma sayı: 3056

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən, “Pitomnik bağı” kimi tanınan ərazidə parkın ləğv edilməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb.

Birlikdən saytımıza bildirilib ki, son vaxtlarda Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən və sakinlərin “Pitomnik bağı” adı ilə tanıdığı ərazidə abadlıqla bağlı mütəmadi iməciliklər keçirilir:

“Şəhərin sıx yaşayış massivlərindən birində yerləşən bu, yaşıl ekoloji tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Sözügedən ərazi daim nəzarətdə saxlanılır. İməciliklər zamanı ərazidə təmizlik işləri aparılır, qurumuş budaqlar toplanır, yaşıllıqlara zərər verə biləcək tullantılar ərazidən uzaqlaşdırılır”.

Birlikdən bildirilib ki, ərazidə ağaclara aqrotexniki qulluq da göstərilir: “Bu zaman torpağın yumşaldılması, suvarma sisteminin nəzarətdə saxlanılması, zərərvericilərə qarşı profilaktik tədbirlərin görülməsi və mövsümə uyğun budama işləri həyata keçirilir. Aqrotexniki qulluq tədbirləri yaşıllıqların uzunömürlü olmasına və ümumi landşaftın qorunmasına xidmət edir”.

Lamiyə Məmmədova