Polis olduğunu deyərək 40 nəfəri aldatdı - Video

polis-oldugunu-deyerek-40-neferi-aldatdi
Oxunma sayı: 2116

Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən və maşın satışı saytlarında beh almaq adı ilə insanları aldadan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Mingəçevir şəhər sakini Ramil Salmanov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək taksi şirkətlərinə sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin onun hesabına pul köçürülməsini xahiş edib. Ramil Salmanov guya işlədiyi yerə çatdıqları zaman taksi sürücülərinin pullarını qaytaracağına söz verib. Zərərçəkənlər Ramil Salmanovun qeyd etdiyi polis orqanlarına çatdıqda isə aldadıldıqlarını anlayıblar.

Bundan başqa, Ramil Salmanovun alqı-satqısı saytlarında saxta maşın elanları yerləşdirərək vətəndaşlardan öncədən beh almaq adı ilə onları dələduzluq yolu ilə aldatdığı da müəyyən edilib. O, ifadəsində ümumilikdə qeyd edilən üsullarla 40-a yaxın şəxsi aldatdığını bildirib.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Ramil Salmanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilər.