Polis tərəfindən təqib edildiyi deyilən sürücü cərimələndi - Video

polis-terefinden-teqib-edildiyi-deyilen-surucu-cerimelendi
Oxunma sayı: 3155

Yanvarın 21-də sosial şəbəkələrdə yol polisinin nəqliyyat vasitəsini qovduğuna dair videogörüntülər yayılıb. Belə ki, videogörüntülərdə sürücünün nəqliyyat vasitəsi ilə yanacaqdoldurma məntəqəsinə daxil olduğu və DYP əməkdaşlarından qaçdığını dediyi eşidilir.

Bir neçə dəqiqə sonra DYP əməkdaşının xidməti avtomobil ilə yanacaqdoldurma məntəqəsinə girdiyini görən sürücü sürətlə ərazidən uzaqlaşır. Bir qədər getdikdən sonra idarəetməni itirərək qəza törədir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarənin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, aparılan araşdırma zamanı məlum olub ki, sözügedən hadisə 7 dekabr 2022-ci il tarixdə Bakı-Qazax yolunun Sahil qəsəbəsindən keçən hissəsində baş verib.

O bildirib ki, “Az-Samand” markalı 99-TU-618 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə üfüqi nişanlama xəttinin tələbini pozduğuna görə, eyni zamanda avtomobil mülkiyyətçisinin ərizəsi əsasında qeyd edilən nəqliyyat vasitəsinin qanunsuz idarəedilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində müvafiq qeydlər olduğuna görə ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən “saxla” işarəsi verilib:

“Sürücü polisin “saxla” əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Tabesizlik göstərərək hərəkətini davam etdirən sürücü bir qədər getdikdən sonra idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, sürücü 1994-cü il təvəllüdlü Cəlilov Rafik Mislim oğlunun həmin nəqliyyat vasitəsinə dair heç bir sənədi  və nəqliyyat vasitəsini idarəetmə üçün sürücülük hüququ olmayıb. Qeyd olunan hadisə sənədləşdirilərək toplanmış materiallar  baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə 400 manat məbləğində cərimə tətbiq edilib.

Biz bir daha bütün sürücülərdən xahiş edirik ki, bu kimi qayda pozuntularına yol verməsinlər, eyni zamanda sürücülük hüququ olmadan sükan arxasına keçərək özlərinin və digər hərəkət iştirakçılarının həyatı və sağlamlıqları üçün təhlükə yaratmasınlar”.