Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun ərazisində polis əməkdaşları ilə çoban arasında insident yaşanıb.
“Qafqazinfo”nun məlumatına görə, ərazidə xidmət aparan serjantlar kino çəkilişləri üçün hazırlanan evlərin bir nəfər tərəfindən dağıdılmasının şahidi olublar. Həmin şəxsə xəbərdarlıq edən zaman mübahisə yaşanıb. Daha sonra vətəndaş Polis Bölməsinə gətirilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmama) protokol tərtib olunub. Protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Tutulan şəxs məhkəmədə bildirib ki, “Kiçik taş” adlanan ərazidə heyvan otarmaqla məşğul olur: “Heyvan otararkən gördüm ki, həmin yerdə köhnədən qalan lakin yaşayış olmayan evlərin ətrafında təmir işləri görürlər. Orada işləyən fəhlələrlə söhbət edirdim. Dedilər ki, təmir işləri orada gələcəkdə kino çəkilişləri aparılması üçün imiş. Həmin vaxt ərazidəki polis əməkaşları gəlib nə üçün tikililəri uçurub-dağıtdığımı soruşdu. Mən dağıntı aparmadığımı dedim. Bu zaman polislərlə mübahisə yarandı və məni bölməyə gətirdilər. Daha sonra məni döydülər. Həmin polis əməkdaşları barədə tədbir görülməsini xahiş edirəm”.
Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edib ki, material Qaradağ rayon prokuroruna göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı şəxsin bədənində müxtəlif xəsarətlərin olması müşahidə edilib. Bundan başqa, tibbi müayinə zamanı çobanın orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunub.
Məhkəmə şəxs barəsində tərtib olunmuş inzibati protokola xitam verib. Material araşdırılması üçün Qaradağ rayon prokuroruna göndərilib.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, vətəndaş Güləddin Fərzəliyevin döyülərək xəsarət alması ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir:
“Belə ki, ərazidə xidmət edən polis əməkdaşları G.Fərzəliyevin dövlət tərəfindən qorunan ərazilərdə heyvan otardığını müşahidə ediblər. Xəbərdarlıq etmək məqsədilə yaxınlaşmaq istəyərkən o, qaçmağa cəhd edib və nəticədə yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.
G.Fərzəliyev ərazi üzrə polis orqanına gətirilib. Təyin olunan ekspertiza nəticəsində onun sərxoş vəziyyətdə olması müəyyən edilib. O, xəsarətləri qaçmağa cəhd edərkən aldığını izahatında da qeyd edib.
Vətəndaş G.Fərzəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə işə xitam verilib”.
Son xəbərlər
Son Xəbərlər