Çünki Kütləvi İnformasiya Vasitələri, Qeyri Hökümət təşkilatları ilə görüşlərdən, Polşanın tarixi yerlərinə səfərlərdən ibarət çox rəngli bir səfər oldu. İlk növbədə təkcə bir jurnalist kimi məndə deyil, bütün qrupumuzda dərin iz buraxan Polşanın ən tanınmış qəzetinin redaksiyasını ziyarətdən və bir günlük iş rejimi ilə tanışlıqdan yazacağam.
Polşada KİV
Polşanın Kütləvi İnformasiyalarının sistemi Azərbaycandakı sistemdən tamamilə fərqlidir. Birinci onu qeyd edim ki, Polşada ümumiyyətlə dövlət qəzeti yoxdur. Bütün qəzetlər özəldir. Təbii ki, onların zaman zaman dəstəklədiyi siyasi xətlər olur. Amma bu onların obyektiv xəbər çatdırmağına mane olmur. Çünki Polşada KİV-lər üçün bütün Avropada olduğu kimi ən önəmli olan oxucu rəyidir. Müasir Polşa oxşar keçmişimızə və tez-tez partlayan korrupsiya skandallarına baxmayaraq Azərbaycandan çox daha demokratik ölkədir. Bu ölkədə KİV-ə bütün qapıların açıq olması onların günbəgün böyüməsinə və nəhəng maliyyə strukturlarına çevrilməsinə səbəbiyyət verir.
Gündəlik qəzetlər
Polşa tək bizim ölkədəki mətbuatdan deyil, Varşava müqaviləsi ölkələrinin qəzetlərindən də çox fərqlənir. Burda pressa daha çox Almaniya mətbuatına bənzəyir. Polşada dərc olunan qəzetlərin ümumu özəllikləri:
onlar qalın, çox vərəqli dərc olunur
A3 formatında olur
bütün qəzetlər rənglidir
tamamilə apolitikdir, oxucu önəmli olduğu üçün əsla siyasi təbliğat maşınına çevrilmirlər
ölkədə qəzet-jurnal çapı üçün lisenziya gərəkli deyil və heç bir dövlət qurumu tərəfindən nəzarət olmur (jurnalist etikası çox yüksəkdir)
Polşanın qəzet bazarında əsas 3 gündəlik qəzet liderlik edir - "Qazeta Vıborça", "Reç Pospolita" və tabloid "Fakt" ...Bu 3 qəzetin günlük satış tirajı aşağı-yuxarı təxminən eyni rəqəmlər arasında dəyişir - 600 min-1 milyon arası... Polşa üçün bu yırğalanma çox normal hesab olunur, çünki iş günləri istirahət günlərinə nisbətən daha çox qəzet satılır. Qeyd edim ki, Poşanın əhalisi təxminən 38 milyondur.
"Qazeta Vıborça"
Bizim dilə tərcümədə Seçki Qəzeti adlanan "Qazeta Vıborça" 1989 -cu ildə Polşanın müxalif demokratik qüvvələrinin biri tərəfindən yaradılıb. Bizimlə görüşən redaktoru və Aqora fondunun koordinatoru Anna Koltunovicz qürurla bildirir ki, qəzet ölkədə keçirilən ilk demokratik seçkilərdən cəmi bir neçə ay öncə yaradılıb. Qəzet Vıborça Varşavanın ən bahalı evləri olan ərazidə 5 mərtəbəli şüşə binada yerləşir. Bura artıq bir qəzetin deyil, bir neçə şirkət, saytlar, Vıborçanın əlavələri olan jurnallar, AGORA fondunun, TOK FM-in də binasıdır. 25 ildə böyüyən qəzet artıq böyük bir media quruluşuna çevrilib.
"Qazeta Vıborça" hər gün 80 sütünla A3 formatda dərc olunur. Bundan başqa hər gün qəzetin müxtəlif mövzuda jurnal-əlavələri olur. Məsələn, hər bazarertəsi qadınlar üçüb "Vısokie kabluki", ikinci günlər idman əlavəsi çıxır. Beləcə həftənin 7 gününə uyğun maraqlı mövzular, rəngarəng fotosesiyalarla əlavələr oxuculara təqdim edilir.
Əvvəllər Vıborça sadəcə siyasi analitik yazılar dərc edirmiş. Elə ki, Polşada siyasi vəziyyət dəyişdi, sürətlə demokratikləşmə getməyə başladı (hansında ki, Qazeta Vıborçanın baş redaktoru Adam Mixnikin danılmaz rolu olub), bundan sonra qəet stilini dəyişib, daha çox maarifləndirmə xəttini tutdu. Qəzet nəhəng siyasi təbliğat maşınından biznes strukturuna çevrildi. Və "Aqora" holdinqi yarandı. O, rəqibləri arasında ən uğurlu biznes strukturu hesab edilir. Burda ümumlikdə 20 müxtəlif jurnal, 10 regional qəzet də işıq üzü görür. Tabeliyində 2 ümummili və bur neçə regional radio da fəaliyyət göstərir. Hal hazırda "Agora" holdinq ölkənin ən populyar telekanalını almağa hazırlaşır.
Burda jurnalistlərin normal fəaliyyəti üçün bütün şərait yaradılıb. Səliqəli və yaşıllıq salınmış mərtəbələr göz oxşayır.
Gücümüzü fərq etdik
"Qazeta Vıborça" Polşada ən bötük ictimai hərəkatları, aksiyaları aparan qəzetdir.
Anna Koltunovicz deyir: "Çox şikayıtçilər olurdu. Amma bir yerdən sonra anladıq ki, bütün bunları həll etməyə gücümüz və vaxtımız çatmayacaq. Ona görə də ümumi problemlərlə bağlı aksiylara keçirməyə başladıq. Məsələn bir neçə il əvvəl Polşada sel basqını oldu. Biz ölkənin ən böyük şirkətlərini ətrafımızda birləşdirərək bütün ölkədə seldən əziyyət çəkənlərə yardım kampaniyası təşkil elədik. Və bu akisya tamamilə spontan şəkildə baş tutdu. "
"Hökümətə təsir edə bildiyimizi anladıq. Və bu çərçivədə başladıq xalqa kömək məqsədilə yumuşaq təzyiq formalarından istifadə etməyə, aksiyalar, kampaniyalar keçirərək qanunlara dəyişikliklər edilməsinə belə nail oluruq. Qəzetimiz üçün vətəndaş mövqeyi çox önəmlidir. Biz xalqımızın və dövlətimizin daha yaxşı yerlərə getməsi üçün çalışırıq. Məsələn baxmayaraq ki, tarixən Ukrayna ilə buzum aramızda çox gərgin münasibətlər olub, Maydan hərəkatında Ukraynaya ən böyük dəstəyi Polşa verdi. Bİz qəzet olaraq Varşavanın mərkəzində Polşada yaşayan ukraynalılarla yerli əhalinin görüşünü keçirdik. Maydana dəstək olduq. Qəzetimizin loqosuna üzərinə "Biz sizinləyik" yazılmış Ukrayna bayrağı yerləşdirdik."
Məlumdur ki, son hadisələrdən sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qarşılıq olaraq Putin də Avropadan gələn bir sıra məhsulların ölkəyə girişinə qadağa qoydu. Bunların arasında məşhur Polşa alması da vardı. Əlbəttə ki, bu qadağa ölkə iqtisadiyyatlna bpyük zərbə idi. Buna görə də "Qazeta Vıborça" yeni bir aksiya keçirib, "Putinin acığına alma ye" kampaniyasında məşhur şirkətlər maksimum alma almağa çağrılıb. Qəzet özü həmin aksiyada 66 kiloqram alma alıb.
"Qazeta Vıborça"nın keçirdiyi başqa bir səs küylü aksiya "İnsan kimi doğmaq" aksiyasıdır. Polşa katolik ölkəsi olduğu üçün burda aborta qoyulan qadağalara qarşı çıxan qəzet ictimaiyyəti bu sahədə maarifləndirməyə davam edir.
Qəzetin apardığı aksiyalar nəticəsində Səhiyyə Nazirliyi 2010-cu ildə doğumdan sonra hər bir körpənin ana qucağında yarım saat qalmasının vacibliyi ilə bağlı qayda tətbiq edib. Bildiyimiz kimi doğumdan sonra körpələrin çəkisi və ölçüləri alınır, ondan sonra o xüsusi otağa aparılırdı. Qəzetin 2000-dən çox qadın həkimi arasında apardığı sorğudan isə məlum olub ki, körpənin yarım saat ana qucağında qalması onun gələcəkdə çox möhkəm olmasına, immunitetinin güclənməsinə səbəb olur. Bundan sonra aksiyaya başlayan qəzet nəhayət bu qaydanın ölkədə tətbiqinə nail olub. "Dəridən dəriyə ana qucağında təmas", "Ana mənim ölçülərim azalmayacaq, sən öncə məni qucaqla" şüarlarla aparılan qəzet təbliğatı bütüb Avropada maraq doğrurub və başqa ölkələrdəki həmkarları da bu aksiyaya qoşulublar...
Yazdıqca yazmaq istəyi...
"Qazeta Vıborça"nı gəzdikcə, həmkarlarla fikir mübadiləsi etdikcə həyatımda ilk dəfə idi ki, qibtə hissi keçirirdim. Jurnalistlərin peşəkarlığımı yoxsa vətəndaş məsuliyyətimi üstündür, müqayisə edə bilmirdim. Opertaivlik yüksək səviyyədə, hər gün hardasa kitab qalınlığında qəzet çıxarmağın gərginliyi isə yox dərəcəsində idi. Hər kəsin üzündə təbəssüm vardı. Qrupumuzdan bir nəfərin pıçıltı ilə - "heyif bizim jurnalistlərə, komfort içində yaşayıb yaratmaq onların da haqqıdır axı"-deməsi məni Azərbaycana qaytardı. Bəlkə də biz bu gün o qədər maaş ala bilmirik və işlədiyimiz şərait qat qat aşağı səviyyədədir. Amma bu gün Azərbaycan Tacikistan və ya Şimali Koreya deyilsə, bu müstəsna olaraq Azərbaycan jurnalistlərinin əməyidir...
Aynur İmranova
P.S. Səfər Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya tərəfindən icra edilən və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən Counterpart İnternationalın rəhbərlik etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində keçirilən «CEDAW ƏMƏLDƏ» adlı layihəsi çərçivəsində keçirilirdi.