“Dünənə kimi Yevlaxa qədər torpaqlarımızı işğal edənlər bu gün Yevlaxa bizim ayağımıza gəlirlər”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.
Sənətkarın sözlərinə görə, Prezident İlham Əliyevin “heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz” sözü çox dəyərlidir və dünyaya böyük mesajdır: “Və bu sübut olundu. Əslində bütün dünya üstümüzə gəldi, amma dövlətin başçısı yalnız Azərbaycanın ərazi bütövlüyü təminatını alandan sonra, bütün erməni silahlı birləşmələrinin tərk-silah olmasından sonra, Azərbaycan ərazilərindən çıxarılandan sonra, Azərbaycanın Konstitusiyası əsasında qurulacaq sistemə tabe olduqları zaman savaşın dayanacağını dedi və belə də oldu”.
N. Mehdixanlı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bu günün əldə olunması üçün Azərbaycan xalqını bir yumruğa çevirməyə bacardı: “Biz birinci savaşda uduzmuşduq, ona görə ki, bir-birimizə qarşı idik, bir-birimizin yanında deyildik. Biz 2020-ci ildə ona görə qalib gəldik ki, dövlətin başçısı, ailənin başçısı, yurdun-elin başçısı bu milləti bir hədəfə doğru birləşdirə bilmişdi”.
O, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib: “Heç bir zaman qurbansız qələbə olmur. Biz qurbanlar verməyi, övladlarımızın şəhid olmasını istəmirik, amma başqa bir yol yoxdur. Torpağına, Vətəninə, namusuna sahib çıxmaq istəyirsənsə, savaşacaqsan və bunun üçün lazım olanda sən qurban verməyi də bacaracaqsan, necə ki bu gün Azərbaycan xalqı öz oğullarını o torpağı qorumaq üçün göndərdi. Bu oğullar torpağı qanları ilə suladılar və canları ilə Azərbaycan dövlətinə, bayrağına yeni bir can verdilər. Başıdik, qürurlu, məğrur Azərbaycan!”
Hüseyn Məmmədsalahov
Video-Foto: Pərvin Zeynal