“Prezident imzalamasa, bunu mən edəcəyəm”

prezident-imzalamasa-bunu-men-edeceyem
Oxunma sayı: 14634

Gürcüstanda qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” Qanunu ölkə Prezidenti Salome Zurabişvilinin əvəzinə parlamentin spikeri Şalva Papuaşvili imzalaya bilər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Papuaşvili özü açıqlayıb.

Onun sözlərinə görə, sənəd mayın 28-də imzalanması üçün Prezident Administrasiyasına göndərilib, lakin dövlət başçısının onu imzalamayacağı gözlənilir: “Hazırda sənədin imzalanmasını gözləyirik. Aydındır ki, Zurabişvili böyük ehtimalla onu imzalamayacaq. Ona görə də, qanunu mən imzalayacağam”.

Qeyd edək ki, prosedura əsasən, qanun veto ləğv olunduqdan sonra 3 gün ərzində yenidən imzalanması üçün prezidentə göndərilir. Əgər dövlət başçısı 5 gün ərzində onu imzalamazsa, qanun parlamentin spikeri tərəfindən imzalanır və qüvvəyə minir.

Onu da xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur.

Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili bu qanuna veto qoyub. Mayın 28-də isə Gürcüstan parlamenti Zurabişvilinin qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.