Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, fiziki şəxslər tərəfindən ölkənin gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək. Sözügedən fərman bu hüquqdan istifadə edə biləcək fiziki şəxslər tərəfindən müsbət qarşılanıb. Belə ki, əvvəllər fiziki şəxslər 1500 ABŞ dolları həcmində kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük ödənişi etmədən ölkəyə keçirə bilirdilər. İndi isə, üç aydan sonra qüvvəyə minəcək yeni fərmana əsasən, bu məbləğ altı dəfədən çox artıralaraq 10000 ABŞ dolları həcminə çatdırılıb.
Bildiyimiz kimi, gömruk rüsumundan azad edilən məhsullara “Yaşıl kanal” prinsipi tətbiq edilir. Bu fərmanın əhəmiyyəti ondan ibarətdir ki, “yaşıl kanal”dan istifadə edən vətəndaşların sayı artacaq. Beləliklə də, əvvəllər mövcud olan rüşvət sistemi zəifləmiş olacaq.
Nəzərə alaq ki, insanlar dəfələlərlə gömrük məntəqələrində baş verən haqsızlıqlardan şikayətləniblər. Belə ki, onların gətirdiyi mallar qanunsuz olaraq, ikiqat, üçqat rüsuma cəlb olunurdu. Üstəgəl də, rüşvət alınması halları da tez-tez müşahidə olunurdu. Demək olar ki, həm ölkə ictimaiyyəti, həm ekspertlər, həm də siyasilər dəfələrlə problemin xüsusən də sahibkarlıqla məşğul olan şəxslər üçün kəskin hal aldığını nəzərə çatdırırdılar.
Düzdür, indiki halda, sözügedən fərman sahibkarların fəaliyyəti üçün nəzərdə tutulmasa da, bir növ ölkədə kiçik sahibkarlığın inkişafına şərait yaradacaq.
Qeyd olunduğu kimi, Nazirlər Kabineti üç ay müddətində fərmandan irəli gələn təklifləri hazırlayıb ölkə prezidentinə təqdim etməlidir.
Bütün müsbət hallarla yanaşı, fərmanla bağlı bir neçə sual doğuran məqamlar mövcuddur. İlk növbədə, gömrük orqanlarının məhsulun kommersiya xarakterli olub-olmamasını necə müəyyənləşdirəcəyi məsələsi açıq qalır.
İkincisi, hər hansı fiziki şəxs fərman qüvvəyə minəndən sonra dəyəri 10000 ABŞ dollarını aşmayan məhsulu əsasən də mebel və məişət əşyalarını Türkiyədən, Dubaydan ölkəyə gətirə bilər. Məlum olduğu kimi, ölkəmizdə bu sahədə qiymətlər həddindən artıq bahadır. Xüsusilə neftin qiymətinin aşağı düşməsi şəraitində insanlar xərclədiyi hər qəpiyin qədrini bilirlər. Belə olan halda, fiziki şəxslər xarici bazarlara üz tutacaqlar. Bu da nəticə etibarilə ölkədə bu sektorda fəaliyyət göstərən ticarət və satış obyektlərinin işinə mənfi təsir göstərəcək, alıcı sayının azalması müşahidə ediləcək. Bir sıra ticarət obyektləri işini dayanma, bir növ işsizlik yaranacağı ilə bağlı versiyalar var.
Ümumiyyətlə, bu kimi hallarla bağlı Nazirlər Kabinetinin hazırlayacağı təkliflərin və qaydaların necə olacağını hər kəs maraqla gözləyir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “Qafqazinfo”ya açıqlamasında son on gün ərzində ölkə prezidenti tərəfindən imzalanan fərmanların, qərarların çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Burada əsas məqsəd kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, bu sektora yaradılmışmaneələrin aradan qaldırılmasıdır. Dünən verilən fərmanda da 10000 ABŞ dolları həcmində malların gömrük rüsumundan azad edilməsinə icazə verilib. Sərhəd bölgələrində, xüsusilə də İranla və Rusiya ilə sərhəddə yaşayan insanlar ölkəyə mallar gətirirdilər. İndi isə, 10000 ABŞ dolları həcmində məhsulları gömrükdə problem yaşamadan, rüsum ödəmədən keçirəcəklər. Məhsulun kommersiya məqsədini müəyyənləşdirmək üçün isə onun fakturasına baxmaq lazımdır. Bu, Azərbaycanda ticarət satış obyektlərinin fəaliyyətinə heç bir mənfi təsir göstərə bilməz. Əksinə, qiymətlər aşağı düşəcək. İnsanlar da rahat şəkildə bu həcmdə məhsulları ölkəyə gətirə biləcəklər”.
Onun sözlərinə görə, bütün atılan addımlar ölkədə bolluq yaratmaq məqsədi daşıyır: “Ticarət və iaşə obyektlərinin maya dəyərinin aşağı salınması üçün də vergilər artıq yüngülləşib. Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, sadələşdirilmiş vergi əvvəllər 120 min manat idisə, indi isə iaşə və ticarət obyektlərində bu 120 min manat ləğv edilib. İndi isə, bu obyektlər istənilən miqdarda yəni ildə 6-8 faiz həcmində sadələşdirilmiş vergi ödəyəcəklər. Bundan əlavə, fiziki şəxslər ayda bir neçə dəfə bu hüquqdan istifadə edə bilər”.

Məsələ ilə bağlı “Qafqazinfo”ya fikirlərini bölüşən iqtisadçı ekpsert Natiq Cəfərli sözügedən fərmanın realizə olunması ilə bağlı ciddi sualların olduğunu vurğulayıb: “Nazirlər Kabinetinə üç ay müddətində bu fərmandan irəli gələn tapşırıqların yerinə yetirilməsi, bəzi qanunvericilik aktlarına, fəaliyyət göstərilməli olan daxili qaydalarla bağlı təkliflər hazırlayaraq ölkə prezidentinə təqdim etməlidir. Fərmandan da göründüyü kimi, söhbət kommersiya məqsədi olmayan fəaliyyətdən gedir. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər bu fərmandan yararlana bilməyəcəklər. Bu bizneslə məşğul olan şəxslərin işini yüngülləşdirmir. Gətirilən malların kommersiya məqsədi daşımadığı təsdiq olunmalıdır. Bu özü də sual doğurur. İnsan gömrükdə necə sübut etməlidir ki, gətirdiyi mal öz istifadəsi üçün nəzərdə tutulub? Bunun özü də gömrükdə bir xaos yaradacaq. Gömrükdə çalışanların bunu təsdiq etməsi müəyyən dərəcədə korrupsiyaya da yol aça bilər. Daha dəqiq formullardan istifadə edərək Nazirlər Kabineti təkliflər hazırlamalıdır ki, belə neqativ halların qarşısını alsın”.
Ekspert qeyd edib ki, əvvəllər şəxsi istifadə üçün malların gətirilməsinin dəyəri 1500 dollar həcmində nəzərdə tutulurdusa, indi bu 10000 dollar həcminə qaldırılıb: “Əlbəttə ki, bu pozitiv bir addımdır. Sadəcə sual yaranır ki, bir şəxs il ərzində neçə dəfə bu hüquqdan istifadə edə bilər? Mən fiziki şəxs olaraq ay ərzində 4-5 dəfə bu hüquqdan istifadə edə biləcəyəmmi? Yəni bu məsələ ətrafında həddindən artıq suallar yaranıb.
Amma fərmandan sonra bir sıra yüngüllüklərin yaranması ehtimalı da var. Məsələn, insanlar öz övladlarının cehizini daha rahat şəkildə xaricdən alıb gətirə biləcəklər. Mebel və məişət avadanlıqları qonşu Türkiyədə və Gürcüstanda da bizdən xeyli dərəcədə ucuzdur. Burada yol xərci 1000 dollar civarında olur. Belə olan halda da Bakıdan xeyli ucuz məişət və mebel avadanlıqlarını almaq mümkün olacaq”.
Fərmandan irəli gələn qaydalar müəyyənləşdirilmədiyndən, bunun ölkədə fəaliyyət göstərən kommersiya obyektlərinə necə təsir edəcəyini proqnozlaşdırmağın bir qədər çətin olduğunu vurğulan ekspert əlavə edib ki, əgər bir şəxs bir ay ərzində bir neçə dəfə bu hüquqdan istifadə edə biləcəksə, burada doğru olmayan informasiya üzərindən qurulmuş biznes mühiti də yarana bilər: “Çünki, fiziki şəxs gətirdiyi malları burada sata bilər. Əgər belə hal baş verəcəksə, bu təbii ki buradakı ticarət obyektlərinin işinə mənfi təsir edəcək. Alıcılar üçün isə müsbət məqam olacaq. Ticarət obyektlərinin endirimə getməsi üçün isə, onların xərcləri azalmalıdır. Vergi və icarə haqları onların satdıqları malın maya dəyərinə təsir göstərir. Maya dəyəri aşağı salınmalıdır ki, onlar da qiyməti sala bilsinlər. Qiymətlər endiyi təqdirdə isə, bu tip mağazaların bəziləri bağlana, işçiləri işsiz qala bilər”.
Günel Türksoy