“Qarabağ Azərbaycandır!” kitabının təqdimatı oldu - Fotolar

“Qarabağ Azərbaycandır!” kitabının təqdimatı oldu
Oxunma sayı: 1079

Diasporla İş üzrə Dövlət Komitəsində şair-publisist, “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlunun (İsmayılov) “Qarabağ Azərbaycandır!” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Milli Məclisin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB), Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan müəllif öncə yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyini və əməkdaşlarını təbrik edib. 

Qonaqları salamlayan DİDK sədri Fuad Muradov ötən 20 ildə keçilən yola qısaca ekskurs edərək, Azərbaycan diaspor quruculuğu prosesinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Vətən müharibəsi dövründə özünün kulminasiya nöqtəsinə çatdığını, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diaspor təşkilatları qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini söyləyib: “Özümüzə borc bildik ki, bu əlamətdar tarixi Qarabağdakı N saylı hərbi hissədə əsgər və zabitlərlə də birlikdə qeyd edək. Çünki məhz onların sayəsində “Qarabağ Azərbaycandır!” deyə bilirik”.

Milli Məclis sədrinin müavini Adil Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə təltif olunmuş DİDK sədrini və əməkdaşlarını təbrik edib.

Dünyada diasporun gücündən söz açan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Türk Dövlətləri Təşkilatı çərçivəsində diaspor qurumları arasında əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini nəzərə çatdırıb. 

DATÜB-ün baş direktoru Ziyəddin Kassanov bildirib ki, soydaşları Azərbaycan Prezidenti İlham Əliyevin bütün əmrlərini yerinə yetirməyə hazırdır. “Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan işğal altında olan torpaqlarını azad etdi və bu həqiqəti bütün dünyaya qəbul etdirdi. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Diaspor Komitəsinin və diaspor təşkilatlarının da mühüm rolu oldu”, - deyə baş direktor əlavə edib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, soydaşımız Rövşən Məmmədoğlu Qazaxıstanda yaşayır. İndiyədək 10 kitabı nəşr edilib.