“Qəbələ” – “Turan Tovuz” matçı gələn il yeni oyun kimi keçiriləcək

qebele-turan-tovuz-matci-gelen-il-yeni-oyun-kimi-kecirilecek
Oxunma sayı: 252

Misli Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunu 2026-cı ildə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Məsələ ilə bağlı PFL-in İdarə Heyətinin iclası keçirilib və oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlərlə əlaqədar müzakirələr aparılıb.

Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti bir sıra qərarlar qəbul edib.

Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək və görüş 2026-cı ildə baş tutacaq.

Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.