Qənirə Paşayeva sensasion yeyinti faktını açıqladı - Video

qenire-pasayeva-sensasion-yeyinti-faktini-aciqladi
Oxunma sayı: 22630

“Mən Mədəniyyət Komitəsinin sədri olaraq, bizi narahat edən məsələlərə toxunmaq istəyirəm. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının təkmilləşdirilməsi və inkaşıfına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın nəticəliliyinin qiymətləndirilməsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan auditin nəticəsi olduqca narahatlıq yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin plenar iclasında Hesablama Palatasının illik hesabatı haqqında məsələnin müzakirəsində çıxışı zamanı deyib.

“Biz bu nəticələri müzakirə etdik. Hesab edirik ki, bu, qurumun fəaliyyətində əsaslı dönüş üçün xəbərdarlıq olmalıdır.

Abidələrlə bağlı proqram başa çatıb, vəsait xərclənib; məlum olub ki, Xidmət tərəfindən aparılan monitorinq tədbirləri zamanı abidələrin bir hissəsində bərpa işlərinə ehtiyac olduğu müəyyən edilib.

Orta hesabla hər il 134 abidədə təxminən 90 milyon manatlıq bərpa və konservasiya işləri aparılması nəzərdə tutulub. Amma 2020-2021-ci illərdə bu işə 40 milyon manatlıq satınalma həyata keçirilib ki, bu vəsaitin 77,3%-i yalnız bir abidəni – Şəki şəhərindəki Gileyli məscidinin bərpasını əhatə edib”, - deputat bildirib.

Komitə sədri qeyd edib ki, bu Xidmət tərəfindən abidələrin bərpası, konservasiyası işləri həyata keçirilmədiyi üçün yenidən sənədlərin hazırlanmasına ehtiyac var:

“Niyə əvvəl ayrılan 600 min manat vəsait boşa getdi?! Bu, ciddi araşdırılmalıdır. Bu vəsaitə 4-5 abidəni bərpa etmək olardı.

Digər məsələ ondan ibarətdir ki, Proqram qurtarıb, amma Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı 2012-ci ildən başlayan bu iş başa çatdırılmayıb. 2021-ci ildə 4528 abidədən 8,1 %-i pasportlaşdırılıb.

140 abidədən cəmi 3,1%-nin mühafizə zonaları təşkil edilib.

Bu, ciddi çağırışdır. Dövlətin ayırdığı vəsaiti çox səmərəli xərcləmək, işlərə nəzarəti ciddi etmək lazımdır. Hesablama palatasını bu məsələyə nəzarətə çağırırıq.

Bizim önümüzdə Heydər Əliyev Fondunun və Mehriban xanımın gördüyü böyük işlər var. Bu işlər dövlət qurumlarına nümunə olmalıdır ki, bu sahədə əsaslı dönüş yaratsınlar”.

***

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məsələ ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bir il üçün 134 abidənin bərpa və konservasiya edilməsinin nəzərdə tutulması, 2020-2021-ci illərdə bu işə 40 milyon manat vəsaitin ayrılması, bu vəsaitin isə 77.3%-nin (başqa sözlə, təxminən 31 milyon manatın) yalnız bir abidəyə (Gileyli məscidi) xərclənməsi barədə məlumat həqiqəti əks etdirmir:

“Bir il ərzində 134 abidənin bərpa və konservasiyası mümkün deyil və belə bir qeyd hər hansı sənəddə əks olunmayıb. 2020-2021-ci illərdə 40 milyon manat vəsaitin Dövlət Xidməti üçün ayrılması da doğru məlumat deyildir. Eyni zamanda, Gileyli məscidi 2018-ci ildə bərpa edilib. Müvafiq sənədlərə uyğun olaraq, məscidin minarəsinin bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkidilmə işlərinə 31 milyon manat deyil, 1099707,34 manat dəyərində vəsait istifadə olunub”.