“Qərbi azərbaycanlıların haqq səsini dünyaya çatdırmalıyıq”

qerbi-azerbaycanlilarin-haqq-sesini-dunyaya-catdirmaliyiq
Oxunma sayı: 927

“Bu gün Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün böyük tarixi məsuliyyət məhz gənclərin üzərinə düşür”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və və idman komitəsinin sədri, vitse-spiker Adil Əliyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə bildirib. 

Komitə sədri xatırladıb ki, Ermənistan 30 il ərzində sülh danışıqları görüntüsü yaratmaqla, tarixi torpaqlarımızın işğalını qəbul etdirmək və rəsmiləşdirmək niyyətində idi: 

“Lakin qazandığımız qələbə bizi tarixi torpaqlarımıza qovuşdurmaqla bərabər, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıtmasını şərtləndirir. İndi isə hər biriniz soydaşlarımızın deportasiya olunması ilə bağlı beynəlxalq platformalara yönəlməli, Qərbi azərbaycanlıların haqq səsini dünyaya çatdıraraq, qaçqın düşmüş həmvətənlərimizin hüquqlarını təmin etməli, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməlisiniz”.

***

Gənclər və idman nazirinin müavinin İndira Hacıyeva əlavə edib ki, gənclər bütün dünyada aparıcı qüvvədir və buna görə onların hansı ideyanı, fikri dəstəkləməsindən çox şey asılıdır.

Nazir müavini bildirib ki, gənclər tarixən önəmli missiyalarda fəallıq göstərib:

“Gənclər siyasətində Qərbi Azərbaycan torpaqlarına qayıdış geniş şəkildə təbliğ olunmalıdır. Bu gün Azərbaycanda 2 milyon 100 mindən artıq gənc var. Bu kütlə tərəfindən aparılan siyasət şüurlu şəkildə dərk edilməli və təbliğ olunmalıdır. Gənclərin bir qismi virtual məkana üz tuturlar. Buna görə virtual məkanda keçirilən tədbirlərə geniş yer verilməlidir”.

Zaur Mirzə