“Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir” - Video

qeyri-qanuni-yigilan-pullar-kimlerinse-cibine-gedir
Oxunma sayı: 4369

Sumqayıt Avtovağzalında sərnişindaşıma ilə məşğul olan bir qrup sahibkar ərazinin yaxınlığında qeyri-qanuni sərnişin daşıyan 50-yə yaxın sürücüdən narazıdır. 

Sahibkarlar bununla bağlı “Qafqazinfo”ya müraciətlərində qeyd edirlər ki, onlar illərdir lisenziyası olmayan, köhnə “Ford”larda Bakıya sərnişin daşıyan sürücülərlə bacara bilmirlər: “Bizim lisenziyamız olduğu halda, Sumqayıt Avtovağzalından Bakı Avtovağzalına sərnişin gətirə bilmirik. Avtovağzalın yaxınlığında dayanıb sərnişinlərə çağırış edən və istismar qaydalarına cavab verməyən mikroavtobusların sürücüləri buna imkan vermir. Sərnişinlər də 10 metr məsafəni qət edib avtovağzalın içərisinə girməyə ərinirlər. Onlar Bakıda avtovağzala qədər yox, 20 Yanvar metrosuna qədər sərnişinləri gətirirlər. Qiymət hər ikimizdə də 50 qəpikdir”.

Sahibkarlar vurğulayır ki, vaxtilə kreditlə standartlara cavab verən müasir tipli mikroavtobuslar alıblar: “İndi isə kreditimizi də ödəyə, işçilərin maaşını verə bilmirik. Hər ay rüsum ödəməliyik, onu da ödəməyə pulumuz yoxdur. Batmışıq... Bu sürücülərin arxasında kimlərsə dayanır. Qeyri-qanuni daşımadan yığılan pullar kimlərinsə cibinə gedir. Ona görə də bu məsələyə göz yumulur. Bu müddət ərzində müraciət etmədiyimiz orqan qalmayıb. Daxili İşlər Nazirliyinə də müraciət etmişik. Bizə cavab verən olmayıb. Sumqayıt Yol Polis İdarəsinin rəisinin də qəbulunda olmuşuq. Onlar da deyir ki, biz bununla bacara bilmirik. Bəs biz dərdimizi kimə deyək? Kim bunlarla bacara bilər? Qaçqınıq deyib özlərinə qeyri-qanuni fəaliyyət göstərməkdə haqq qazandırırlar. Axı bu, heç bir məntiqə sığmır, qanun qarşısında hamı bərabərdir. Biz qanuni formada fəaliyyət göstərib dövlətin büdcəsinə vergi, rüsum ödəyirik. Buna da artıq bizə imkan vermirlər. Xüsusilə pandemiya dövründə sərnişin azlığı vəziyyətimizə lap təsir edib, müflis edib. Biz 8 sahibkar həmişə bu problemi qaldıranda təzyiqlə üzləşirik”.

Qeyd edilir ki, söhbət qeyri-qanuni daşımalardan getdiyi üçün məsələ Dövlət Avtomobil Nəqliyyatı Xidməti səlahiyyəti daxilində deyil. Sahibkarlar da qeyri-qanuni daşımalara polis nəzarət etdiyinə görə məhz DİN-ə müraciət ediblər. 

“Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O qeyd edib ki, sahibkarlar problemlə üzləşibsə aidiyyatı dövlət qurumlarına bu barədə müraciət edə bilərlər. 

Günel Türksoy