- Mehriban xanım, neçə vaxtdır ki, bədii yazılarınız görünmür. Nəsə yazıb-pozursunuz?
- Təəssüf ki, az yazıram. Son vaxtlar tərcümə və araşdırma ilə məşğulam. Hazırda İbrahim xanın qızlarının – Gövhər ağanın və Ağabəyim ağanın həyatını öyrənirəm. Ağabəyim ağa haqqında bir neçə məqalə və hekayəm var, qismət olsa, daha geniş əsər yazacam. Azərbaycan cəmiyyəti öz möhtəşəm qadınlarını tanımır, tanıtmaq istəyirəm. Bir də Molla Pənah Vaqifi bir vəzir olaraq cəmiyyətə tanıtmaq arzum var. O, sadəcə, şair deyil, çox bilgin və çox hiyləgər bir dövlət adamıdır.
- Sizinlə bir yazıçı kimi müsahibəyə gələndə təəccübləndilər ki, axı o, siyasətçidir. Sizin yazıçıdan çox siyasətçi kimi tanınmağınız kimin günahıdır?
- Bunun günahı jurnalistlərin mütaliəsizliyindədir. Böyük dostum Sabir Əhmədli deyirdi, jurnalist gəlib məndən müsahibə alır, baxıb görürəm ki, heç bir kitabımı belə oxumayıb. Belə hallarla çox qarşılaşırıq. Gündəmdə olan iki-üç məlumata göz gəzdirib müsahibəyə gəlirlər. Oxumayan adamlar əlinə qələm alıb yazı yazır. Bu, onun nəticəsidir.
- Siyasi dünyagörüşünüzə görə milli qanada mənsubsunuz. Bəzən deyirlər ki, ədəbiyyat heç bir dini, milli ayrı-seçkilik edə bilməz, ancaq humanizmə xidmət etməlidir.
- Avropalının anlayışında millətçilik tamam başqa bir şeydir, bizim anlayışımızda başqa. Onlar milli dövlətlərinin qurub qurtarıb millətçiliyə düşmən kəsiliblər. Bizim millətimiz, dövlətimiz, tariximiz, milli kimliyimiz ekspansiyaya və repressiyaya uğrayıb. Qarşımızda bu dəyərləri bərpa etmək kimi nəhəng bir iş durur. Əlbəttə, bu dəyərlərin bərpasını bizdən başqa kimsə istəyə bilməz və edə bilməz. Əlinə qələm alan hər bir yazar bu həqiqətləri bilməlidir. Həqiqətlər yaradıcılığa mane olmur. Nədən istəyirsən, yaz. Ədəbiyyatın missiyası birmənalı deyil. Bəyəm Allah millətləri yaradanda ayrı-seçkilik etmişdi? Yaratmışdı ki, bir-birinizi tanıyasınız. Bir-birinizin kökünü kəsməyəsiniz.
- Yəni deyirsiniz ki, həm millətçi, həm də yaxşı yazıçı olmaq mümkündür.
- Mən başa düşmürəm, bunları bir-birindən niyə ayırırsınız? Bir insan yazıçıdır və o, öz milli kimliyini, tarixini bilir. Əslində, öz kimliyini bilmək hər bir insanın borcudur. Bəyəm Dostoyevski milli kimliyini, milli kimliyindəki qüsur və üstünlükləri bilmirdi? Bu, onun yazıçılığına mane olmurdu ki... Məncə, bu gün bizdə buna yanlış baxırlar, bu bölgülər kökündən yanlışdır. Bir-iki yazıçı pozuntusu peyda olub milləti, tarixi, dəyərləri aşağılayırlar, elə bilirlər, bununla adam sayılacaqlar.
- Mehriban xanım, siz qarabağlısınız. Əbülfəz Elçibəylə yaxın münasibətləriniz olub. O deyirdi, “Şuşaya yol Təbrizdən keçir”. Siz necə düşünürsünüz, o yol Təbrizdən keçir, yoxsa Xankəndindən?
- Elçibəyin dediyi böyük sözdür, onu başa düşmək üçün gərək fitrətində bəzi dəyərlər olsun. Mahiyyətində bir missiya daşımalısan bunu anlamaq üçün. Hər kəs bilir ki, Şuşaya yol Xankəndindən keçir. Ancaq “Şuşaya yol Təbrizdən keçir” həqiqətini hər kəs bilə bilməz. Bu, başqa bir dünyagörüşüdür. Bu sözü anlamaq üçün gərək qəlbində, fikrində Bütöv Azərbaycan – Bütöv Vətən sevdası olsun. Belə bir sevdası, belə bir iddiası və belə bir savaşı olmayanlarla işimiz yoxdur. Onlar bilə bilməzlər. Onlara sözümüz də yoxdur, ağıllarına nə gəlir qoy, danışsınlar. Elçibəy demək istəyirdi ki, Şuşanı geri qaytarmaq üçün güclü olmaq, bütöv olmaq, millət olmaq lazımdır. Paytaxtı Təbriz olan Bütöv Azərbaycanın Şuşasını kimsə istila edə bilməzdi. Paytaxtı Təbriz olmayan, parçalanmış, bölünmüş Azərbaycanın Şuşasının yolu, bax belə, Xankəndindən bağlana bilir. Təbriz yoxdursa, Şuşaya da yol yoxdur.
- Sizin Təbriz haqda yazılarınızı oxuyanda adama elə gəlir ki, sanki elə o torpaqda doğulmusunuz.
- Bəlkə, elə doğulduğum yerdir. Cismim olmasa da, ruhum orda doğulub, bəlkə. “Sevirəm Təbrizi mən”, “Təbrizə apar məni”... Bu adlarla məqalə yazmışdım. Qəlbimin çağırışıdır. Təbriz hər bir Azərbaycan türkünün ruhunun məkanıdır. Könlüm, gözüm ordadır.
- Bu gün cəmiyyətdə qarışıq bir ab-hava hökm sürür. Kimi deyir milli kökə qayıdaq, kimi deyir Avropaya inteqrasiya edək, kimi də deyir dinə üz tutaq. Cəmiyyətə onun ziyalıları, yazı adamları işıqlı yol göstərə bilər. Bu mənada bizim xilasımızı nədə görürsünüz?
- Azərbaycanın üçrəngli bayrağında hər şey deyilir. Bu böyük yolun sirri, mətləbi açılır. Müasirlik Avropaya inteqrasiyadır, din İslama daha sıx sarılmaq, eyni zamanda başda gələn türklük, milli kimlik. Bu üçün birgəliyi olmalıdır, amma yoxdur. Ona görə də sapmalar var. Müasirlik deyəndə biz Avropanın təhsilini, demokratiyasını düşünə bilmirik, əyyaşlığını düşünürük. Hansı ki, o əyyaşlıq çadralı cəmiyyətlərdə ondan da betərdir. Dinə gəldikdə isə bu 20 ildə Azərbaycan İslamın, həqiqi İslamın məktəbinə çevrilə bilərdi. İslamı qapıdan qovdular, o da silahlanıb qayıtdı.
- Bəs sizin özünüzün dini baxışınız necədir?
- Allaha Haqq olduğuna və ədalətinə inanıram. Şükür edirəm ki, Allah məni türk və müsəlman yaradıb. Amma İslamın bu gününə ağlayan biriyəm. Dinimiz çox pis əllərdədir, dinsiz-imansız adamların əlindədir. Bu gün İslam təhrif olunub. Məhz dini liderlərin Allaha və İslama xəyanətləri ucbatından bu gün avropalı müsəlmana terrorçu donu geyindirib. Müsəlman cəmiyyətlərini cahilliyə, xurafata sürükləyir. Əslində, İslam çox proqressiv dindir. İslam qadına ilk dəfə ən mühüm azadlıqları –evlənmə və mülkiyyət haqqı vermiş dindir. Amma İslamı nə günə qoyublar...
- Qadınlardan söz düşmüşkən, sizin qadınların rolunu araşdıran tədqiqat kitablarınız var. Bəs bu gün Azərbaycanın qadının obrazını necə təsvir edərdiniz?
- Ümumiyyətlə, dünyada azərbaycanlı qadının obrazı yoxdur. Əgər dünya qadınlarının fotosərgisi yaradılsa, oraya həqiqi azərbaycanlı qadının obrazını tapıb-quraşdırıb verə bilmərəm. Azərbaycanlı qadın çiynində ağır və acı ailə yükü, yoxsulluğa yenilmiş, təhsili yarımçıq, kişi məsuliyyətsizliyinin faciəsini yaşayan zavallı bir məxluqdur. Onun şəklini başqa cür, necə çəkmək olar? Əlbəttə, istədiyinizi uydura bilərsiniz, amma bu, özünü aldatmaqdan başqa bir şey olmayacaq.
- Bəs nə etməliyik, hardan başlamalıyıq? Qadın təşkilatları tez-tez toplantılar keçirir, təkliflər irəli sürür, vəziyyət dəyişməz olaraq qalır.
- Bu, bütün zamanların ən ciddi sualıdır: nə etməli? Nə etməliyik ki, bu quyudan çıxaq? Qadın təşkilatları çox azdır, bu azın da çox azı ictimai mənafe baxımından çalışır. Dəyirman boşuna fırlanır, görülən iş kifayət deyil. Yalnız dövlət bu missiyanın öhdəsindən gələ bilər. İstəsə!
- Azərbaycan ədəbiyyatında hansı qadın obrazlarını bəyənirsiniz?
- Mənim sevdiyim qadınlar var ki, onlar ədəbiyyatda deyil. Amma mən onları ədəbiyyata gətirəcəm. Həmidə xanım Cavanşirin haqqında xeyli yazılar yazmışam, televiziya verilişləri hazırlamışam. Son vaxtlar da bir memuar əsərini tərcümə elədim. Digər böyük bir qadın Ağabəyim ağadır. O, bir vətən fədaisidir, vətən qurbanıdır. Azərbaycan cəmiyyəti Həmidə xanımı tanımadığı kimi, onu da tanımır. Ağabəyim ağa haqqında da bir neçə hekayəm və araşdırma məqaləm var. Bir də Gövhər ağa. Çox böyük messenant, xeyriyyəçi olub. Əlbəttə, bilən bilir, amma xalq deyilən o mücərrəd toplum bu qadınları bilməməklə öz kimliyini bilmir. Nə yazıq ki, bu, köləlik yaşamış millətlərin taleyidir. Azərbaycan 200 il köləlikdə olub, rus ekspansiyası milli kimliyimizi məhv edib. Həmin sırada bu qadınların da kimliyi itirilib.
- Cavanşirlər nəslinin nümayəndəsi olmaq, o kökdən gəlmək sizə bir qələm adamı kimi təsir göstəribmi?
- Mən yalnız qanla Cavanşirlər nəslindənəm. Sümük olaraq Ərdəbil şeyxlərinə aidik. Çünki vəzir babalarımdan biri Mirzə Camal Cavanşir, o biri isə Vəzir Seyid Mirzə Əli Məhəmməd ağadır. Cavanşirlər Çingiz Xan nəslinə, Seyid babam isə Peyğəmbərimizə bağlıdır. Bu iki nəslin törəməsiyəm, hər iki qanı damarımda hiss edirəm, onların heyranlarıyam. Onlar, xidmət edən, məhz Haqqa və Xalqa xidmət edən insanlar olub, əlləri heç vaxt haramda olmayıb.
- Mehriban xanım, ədəbi prosesləri izləyirsiniz?
- Biraz.
- Kənardan necə görünür?
- Çirkinləşmiş. Qoca qurdlar meydanı heç kimə vermək istəmir. Bu, acgözlük, yeyib doymazlıqdır. Yeni nəsil yekəxana və davakardır. Nə əsər var, nə ədəb. Amma bəlkə də, onların içindən böyük yazıçılar çıxacaq. Niyə? Çünki yazıçılıq fəhləlikdir. Həmən görünməz. Sən 20 il yazacaqsan, yazdığını oxumayacaqlar. Xəyalında olduğun pulu və hörməti görməyəcəksən. 20 ildən sonra kimsə lütf edib sənə yazıçı deyəcək, daha sonra kiçik bir çevrə, yenə böyük lütf edib, səni tanıyacaq. Yeni nəsil yol gedir, ağır fəhlə işi işləyir. Heç bir himayə görmür. Əksinə, zərbə zərbə üstündən gəlir. Ona görə də kinli olub tərbiyəsizlik edirlər. Çətindir, çox çətin...
Əslində, ədəbiyyatı çox şişirdib, ondan çox da nə isə ummaq lazım deyil. Ədəbiyyat bir az gec bəhrə verən tarladır. Bir əsrdə ortaya 10 gözəl roman çıxır. XX əsrdə Azərbaycan ədəbiyyatı dünyaya “Əli və Nino”nu verdi. “Əli və Nino” XX əsrdə ən çox satılan yüzlük içərisindədir. Türkiyə kimi nəhəng ölkədə, İranda, Avropa ölkələrinin çoxunda həmin yüzlüyə düşən əsər yoxdur. Azərbaycan, bapbalaca, bölünmüş, parçalanmış, bədbəxt bir ölkə, amma yüzlükdə yeri var. Qəribədir...
- Amma “Əli və Nino”nun həddindən artıq şişirdildiyi də deyilir.
- “Əli və Nino” böyük əsərdir. Ədəbiyyatda ölçü vahidi oxucudur. Hələ başqa vahid icad olunmayıb. O şişirtmə məsələsi nəylə ölçülür, bilmirəm. O əsərdə Azərbaycan var, Qarabağ tarixi var. Azərbaycanın milli kimliyi var. Azərbaycan kişisinin mahiyyəti, həmin o mahiyyətdə olan naqislik – ikili standart var. Bir epizod deyim: Azərbaycan kişisinin sevgilisini aparırlar, öpüb geri qaytarırlar. Ancaq onun sevgilisi gürcü qızıdı deyə, Azərbaycan kişisi onu qəbul edir, işin üstünü vurmur. Özününkü olsaydı, əmisi qızı, xalası qızı, qonşusu, qohumu, soydaşı... qətiyyən bağışlamazdı, həmən imtina edərdi. Bu, bizim xarakterimizdir. Öz qızlarında kiçik bir kölgəni belə öz kişiliyinə sığışdırmayanlar yad millətlə evlənəndə, eee... nələrə göz yumurlar. Kiçik bir epizod dedim hələ. Əsərin hər səhifəsi bir dünyadı.
- Bəlkə, bunun günahı həm də biz qadınlardadır, onları biz belə öyrətmişik?
- Hərdən mənə elə gəlir ki, bütün qüsurlar elə Azərbaycan qadınının təbiətindədir. Azərbaycan qadını yaradıcı kişini məhv edir. Dedi-qodu bataqlığına, güzəran bataqlığına soxur, öldürür onu. Nə bilim, mürəkkəb məsələdir.
- Əslində, çox gözəl məqama toxundunuz. Bizim kişi yazarlar şikayətlənir ki, əcnəbi qadınlar bu mənada bizim qadınlardan fərqlənirlər.
- Bəlkə də, ona görə belə düşünürük ki, başqa xalqların həyatından az xəbərimiz var. Bir misal deyim, Mirzə Cəlil “Molla Nəsrəddin”də cəmiyyətimizi tənqid atəşinə tuturdu, çünki ancaq buranı görmüşdü və elə bilirdi ki, cəhənnəmin dibi buradır. O bilmirdi ki, yer üzündə cəhənnəmin neçə-neçə dibi var. Yusif Vəzir Çəmənzəminli isə Avropanı gəzmişdi və deyirdi ki, bizdən də betər cəmiyyətlər var. Ona görə, çox az bildiyimizdən bilmirik ki, orda yazıçıların həyat yoldaşları necə olur. İnanın ki, elə bütün cəmiyyətlərdə çox az qadın yazıçı həyat yoldaşını qiymətləndirə bilir, yazsın yaratsın deyə, ona dayə kimi xidmət edir. Ümumiyyətlə, yaradıcı adama dayə kimi qadın lazımdır, həyat yoldaşı yox.
Əsasən, hər toplumda qadınların yumruğu kişinin başı üzərindədir. Qadın kişidən məsuliyyət tələb edir. Çünki qadın yoldaşına ilk öncə kişi kimi yanaşır, sonra yazıçı kimi. Çox vaxt da yazıçı ailə başçısı kimi məsuliyyətlərini yerinə yetirə bilmir. Qazana bilmir, idarə edə bilmir, alıb gətirə bilmir, istəkləri qarşılaya bilmir. Yazıçı, ümumiyyətlə, şikəst adamdır, əlil kimidir. Əlbəttə, söhbət tülkülərdən getmir, yazıçılardan gedir. Əgər bir yazıçının xüsusi mülkiyyəti yoxdursa və ona oradan davamlı gəlir gəlmirsə, həyatı cəhənnəmə dönür. Yalnız fövqəladə istedadla bu cəhənnəmdən çıxmaq mümkündür. Şöhrət çox gec gəlir.
Biz fədakar ömür yoldaşları görmüşük. Xəlil Rzanın həyat yoldaşı Firəngiz xanım kimi. Eyni zamanda böyük şair olan ərini, utandıra-utandıra zibil atmağa məcbur edən qadınlar da görmüşük, məmurların qapısında diləndirən qadınlar da.
- Bəs əksini götürsək, qadın yazarların həyat yoldaşlarını...
- Bu da ağrılı məsələdir. İndi oxunmayan şairlərdən biri Nigar Rəfibəyli yadıma düşdü. Bir şeiri qalıb yadımda, təxminən belə deyir, mən yaxşı şeir yaza bilərdim, amma onun əvəzinə yun yuyub-diddim, yorğan saldım, filankəsin yorğanı yıpranmışdı, rahat yata bilmirdi, yaxşı şeir yaza bilərdim, əvəzinə günorta yeməyi bişirdim ki, ailəm ac qalmasın, yaxşı şeir yaza bilərdim, uşaq dərsə gedir deyə, köynəyini ütülədim, şeir yazacaqdım, dərsdən gəldi, dərsi ilə məşğul oldum. Qadın həyatı budur. Qadın idarəetmədə də, siyasətdə də, ədəbiyyatda da yüksək zirvələrə çıxa bilərdi. Amma məişət elə buxovlayıb ki, onun əl-ayağını, qurtara bilmir. Və üstəgəl, qadın mahiyyəti kişidən fərqli olaraq, məsuliyyətini biləndir. Kişilərin yarıdan çoxu öz övladlarını atıb gedə bilir. Amma dünyada övladını atıb-gedən qadınların faizi 1-i keçmir. Bu, qadının yapısıdır. Allah onu belə yaradıb, o, başqa cür ola bilməz. Bu yapının üstünə yaradıcılıq da gələndə qadının həyatı, ümumiyyətlə, cəhənnəmə çevrilir. Bir qadının, elə kişinin də həm gün-güzəran, dolanışıq peşində olub, həm də böyük əsər yaratması ağır işdir.
- Amma kişilər daha çox qabardır bu məsələni. Məsələn, Seymur Baycan deyir ki, Azərbaycanda mənə layiq qadın yoxdur.
- Seymur Baycan haqlıdır, Azərbaycanda ona və onun kimi bir çoxuna layiq qadın yoxdur. Eyni zamanda Azərbaycanda nə qədər qadınlar var ki, onlara layiq kişi yoxdur. Həqiqətən, ölkəmizdə ağır bir proses gedir. Seymur Baycan ilk dəfə bunu dedi, mən də qadınların yerinə ilk dəfə çox ucadan demək istəyirəm: Azərbaycandakı qadınların əksəriyyətinə layiq kişi yoxdur! Mən proqressiv təbiətli, yeniliyə meyilli qadından danışıram. Mən ona görə Ağabəyim ağadan, Gövhər ağadan, Həmidə xanımdan yazıb demək istəyirəm ki, millətimizin genetikasına, kodlarına, şifrələrinə yenidən baxmaq lazımdır. Biz özümüzü, kimliyimizi öyrənməliyik. Sonra onun qüsurlarından və ya üstünlüklərindən danışmalıyıq.
- Oxucu qıtlığı olan bir vaxtda bu kimi qadınlardan yazırsınız. Sizcə, o kitabları oxuyacaqlar? Pis çıxmasın, kimin üçün yazırsınız?
- Qələm əhli bunu düşünməz. Qələm əhlinin bir devizi var; “Çanağımda balım olsun, arısı gələr Bağdaddan”. Mən bunu xidmət kimi edirəm. Düzdür, Həmidə xanımla bağlı min tiraj kitab çap etdirmişəm. Amma onun heç 300-ü satılmayıb. Təsəvvür edin, gün ərzində dükan-bazardan nə qədər şey-şüy alırıq, bir hissəsi də heç yeyilmir, zibilə tökülür. Şifonerlərimiz üstümüzə gəlir. Əyin-başımızı asmağa yer tapmırıq, yenə bir ucdan alırıq. Amma gedib bir kitab almırıq. Bütün bunları düşünsən, gərək yıxılıb-öləsən. Amma bunu düşünməyəcəksən, davam edəcəksən. Ömrünü oda tutuşduran üç qadından yazaraq bir xidmət göstərəcəm. Yazıb qoyub gedəcəm. Bunu edə biləcəyəmsə, xoş halıma... Bu, çanağımdakı balım olacaq və arısı hardan olmuş olsa belə, bir gün mütləq gələcək.
- Başa düşürəm. Amma xidmət də ünvanına çatmalıdır axı. Yazıb-bitirdikdən sonra onu cəmiyyətə tanıtdırmaq, oxutdurmaq lazımdır.
- Deyir, işin 50 faizi yaratmaqdırsa, 50 faizi də yürütməkdir. Amma müasir dünyada bu peşələr ixtisaslaşıb, o işi görənlər var. Yazıçı o sahədə çox fərsizdir, yararsızdır, onu edə bilməz. Yaza bilər, amma üç kitabı bazara çıxarıb sata bilməz. Bunu nəşriyyatlar öz üzərinə götürür. Bizdə də bazar qaydasına düşəcək bir gün.
- Yazıçılar Birliyinə gedirsiniz heç?
- Yox, çoxdandır ki, getmirəm. Hərçənd ki, üzvüyəm, hələ çıxarmayıblarsa...
- Qarşıdan qurultay gəlir. Nə gözləyirsiniz bu qurultaydan?
- Heç bir gözləntim yoxdur.
- Gəncləri oxuyursunuz?
- Seymur Baycanla bir dostluğumuz var, arada-sırada görüşürük. “Quqark”ı oxuyub çox bəyəndim. Ünsiyyətdə o qədər ədəbli, nəzakətli, rəftarlıdır ki. Eləcə də, tikanlı bir adamdır. Davakardır. Məncə, həyat onu çox incidib, çox əzib. Sevməyəni də az deyil, çünki ətrafı dalayır. Amma o kitab Qarabağ müharibəsini ən dərin əks etdirən hələ ki, yeganə əsərdir.
- Teatrla, filmlə aranız necədir?
- Kinonu sevirəm. Kino insan yaradıcılığının möcüzəsidir. Teatra az gedirəm, axırıncı dəfə “Oda teatrı”na getmişdim, “Arzular bağı”na baxdım. Xoşuma gəldi, uşaqlar özlərini oda-közə vururlar. Əsasən, “Mezzo” kanalına baxıram. Operaya, daha çox isə baletə, simfonik musiqiyə.
- Mehriban Vəzirin sevdiyi üç film hansıdır ki, o filmlərə hər kəs baxmalıdır?
- Son vaxtlar yaxşı bir filmə baxdım. Adı, “Lady” idi. Gerçək və müasir tarixdən, Birmanın ictimai-siyasi həyatından, bir qadının liderləşməsindən bəhs edirdi. Birmada olan qansız rejim, eyni zamanda cəmiyyətin kiçik bir qisminin demokratiya uğrunda mübarizəsi və bu mübarizənin başında bir qadının, öldürülmüş generalın qızının dayanmasından danışılır. Canlı tarixdir. Hər kəs baxsın. Maraqlıdır.
Aqressiv filmlərə baxa bilmirəm, daha çox romantik filmlərə baxıram. Klassik filmlərdən “Küləklə sovrulmuşlar” çox xoşuma gəlir. Ona da hər kəs baxmalıdır. Və Edit Piaf! O böyük sənətkarın həyatı haqqında bir filmə baxdım. Xarüqə! Mütləq baxın.
Əsasən isə adamı ağlatmayan filmə baxmaq istəyirəm. Ağlamaq istəmirəm, çünki həyat yetərincə ağladıb... Elə filmlər olur ki, yarımçıq kəsirəm, insan əzablarına dözə bilmirəm. O iztirabları, qorxuları yaşayıram. Avamcasına özümü qapdırıram filmə. Çox təsirlənirəm. İndiki filmləri də elə yaradırlar ki, hər şeyi bizim zəif əsəblərimizə hesablayırlar... Ona görə də xoş mənzərəli, gözəl geyimli, sevgi dolu, pozitiv ekran əsərlərinə baxmağa çalışıram. Komediyaları çox sevirəm.