“Ramiz Mehdiyev oyuncağı müxalifətdən almaq istəmir”

ramiz-mehdiyev-oyuncagi-muxalifetden-almaq-istemir
Oxunma sayı: 697


- İslahatlar deyəndə nəyi nəzərdə tutursunuz?

- Mən qeyd etdim ki, dövlət aparatının təxminən 30 faizini ixtisar eləmək olar. Bu həm dövlət aparatında çeviklik yaradar, həm də dövlət xərclərini azalda bilər. Hesab edirəm ki, siyasi islahatlar da olmalıdır. Azərbaycan kimi ölkədə şərq despotizmindən, eləcə də, islamdan zaman-zaman istifadə edilib. Yəni, din də insanların mütiləşmə və kölələşməsində rol oynayıb. Bu iki faktor bizdə genetik olaraq insanların azad olmasında problem yaradıb. Yüz illər ərzində insanlar bir cür yaşayanda bu genə keçir. Mən vaxtilə söyləmişdim ki, Azərbaycanda ən demokratik ruhlu bir şəxsi gətirib vəzifəyə qoysan qısa zamanda ətrafı ondan avtoritar şəxs düzəldəcək. Çünki mühit bu cürdür. Bunları nəzərə alaraq biz həm də cəmiyyət formalaşdırmalıyıq. Bunun ən yaxşı yolu bizim öndərlərə dönməkdən keçir. Məmməd Əmin Rəsulzadə, Müsavatın qurucularına istinad etmək lazımdır. Onlar şərqdə ilk dəfə olaraq parlamentli respublika qurdular. Bu model imkan vermir ki, bir şəxsin əlində ifrat dərəcədə səlahiyyətlər cəmləşsin. Məsələn, Türkiyə prezidentli respublika olsaydı Ərdoğanla Cənubi Koreyanın yeni başçısı Kim Çen Unun fərqi olmazdı. Amma Türkiyədə parlamentli respublika Ərdoğanın əl-ayağını bir qədər yığışdırır və imkan vermir ki, ondan diktator formalaşsın. Amma xarakter etibarı ilə Ərdoğan buna meyllidir. Mustafa Kamal Atatürkün özünü götürək. Atatürk ona görə dahidir ki, parlamentli respublika qurub. Vaxtı ilə o parlamenti belə qovalamışdı. Kim ona mane ola bilərdi? Cümhuriyyəti qurmaq məsələsi də cəmiyyətdən gəlmirdi. Yəni Osmanlı İmperiyası dağılandan sonra burada bir parlamentli respublikanın qurulması məsələsi yox idi. Ancaq Atatürk bilirdi ki, günün birində dünyasını dəyişəcək və bu xalq pis günlərə qala bilər.

- Atatürk istəsəydi hətta monarxiya belə yarada bilərdi…

- Bəli, sizinlə tamamilə razıyam. O, monarxiya qura bilərdi və bir kimsədə ona söz deməzdi. Parlamenti qovalayanda kim ona bir söz dedi ki? Amma Atatürk bilirdi ki, parlamentli respublika bu ölkənin gələcəyi üçün lazımdır. İkincisi, Atatürk elə partiyalar qurub formalaşdırdı ki, ölümündən sonra hamısı onu qəbul etdi. Özü dünyasını dəyişəndən sonra heç kim onun kölgəsini qılınclamadı. Rusiyada Stalini tarixdən silmək fikrinə düşsələr də, Türkiyədə Atatürklə bağlı belə fikrə düşən əsla olmadı. İndi Ərdoğan bir az özünü qabartmaq üçün Atatürkü silmək istəyir. Bu da baş tutan məsələ deyil. Fikrimi ona yönəltmək istəyirəm ki, Atatürkün böyüklüyü bunda idi. Biz hələ 2007-ci ildə islahatlarla bağlı təkliflərimizi ictimaiyyətə təqdim etmişik və siyasi partiyaların iştirakı ilə dinləmələr də keçirmişik. Mən şəxsən parlamentli respublika quruluşunun alternativini görmürəm. Azərbaycanda parlamentli respublikaya keçid ciddi sistem dəyişikliyinə gətirib çıxara bilər.

- Siz Milli Məclisin üzvüsünüz və təkliflərinizi də təqdim etmisiniz. Sizə elə gəlmirmi ki, bu islahatlar üçün qəti bir hərəkət lazımdır?

- Xeyr! İndiki reallıqlar bundan ibarətdir ki, dediyim islahatları ölkədə yalnız bir nəfər apara bilər. O da prezident İlham Əliyevdir. Yəni ölkədə elə bir partiya yoxdur ki, bunu həyata keçirə bilsin. Həmçinin, cəmiyyətdə də biz düşündüyümüz təpər yoxdur ki, bunu siyasi qüvvədən tələb etsin. Bu, sadəcə, bir adamın iradəsinə bağlı olan məsələdir. Hesab edirəm ki, belə bir qərar qəbul edilsə, yazda referendum keçirilə bilər və payızda da parlament seçkilərinə gedilər. Hətta prezidentin parlamentdə seçilməsi haqqında da düşünmək olar. Bundan başqa, güclü prezidentlik institutu saxlanıla və hökumətin formalaşdırılması səlahiyyəti parlamentə verilə bilər. Bizim təkliflərimizdə məsələ belədir. Prezidentlik institutu ona görə saxlanılır ki, cəmiyyət demokratik keçidə tam hazır deyil və ölkədə tez-tez siyasi böhran yarana bilər. Odur ki, daha güclü orqan kimi prezidentlik institutuna ehtiyac var. Ancaq hansısa inkişaf mərhələsində bu institut formal xarakter də daşıyar və səlahiyyətlər hökumətə keçə bilər. Bu da bir variantdır. Bu zaman həm də prezidentin 4-5 dəfə seçilməsi problem yaratmayacaq. İndi xalq prezidenti beşinci dəfə seçsə belə, bu Avropada birmənalı qarşılanmayacaq. Bu məsələ var. Ancaq biz görmüşük ki, Avropada illərlə eyni şəxs seçilib. Məsələn, Berluskoni, Helmut Kol, Toni Bleyr və digərləri. Bu nə sual yaratmır, nə də aqressiya doğurmur. Mən islahatların bu cür davam etməsini istərdim. Əlbəttə, hakimiyyətin özünün arqumenti var ki, ölkə müharibə vəziyyətində olduğundan güclü birinci şəxsə ehtiyac var, xalq demokratik dəyişikliklərə hazır deyil, buna getmək ölkədə siyasi böhran yaradar və s. Mən bu əks arqumentləri başa düşür və qəbul edirəm. Ancaq məsələ ondadır ki, biz nə vaxtsa buna başlamalıyıq və bu proses getməlidir. Bir günün içərisində demokratiya formalaşmır. Gürcüstanda bir gündə demokratiya yaranmadı. Baxın, indi Gürcüstanda hakimiyyətə gələnlər dünənə qədər deyirdilər ki, təqib olunuruq, amma indi özləri təqib edirlər. Yaxud Misirdə Məhəmməd Mursi prezident seçilib və özünü yeni firon etmək istəyir. Bütün bunlar ondan doğur ki, cəmiyyət demokratiyaya tam hazır deyil. Nəinki hazır deyil, hətta onun başında duran şəxslər də buna hazır deyil.

- Nə mənada hazır deyil?

- Siz fikir verin, bizdə vəzifədə olan şəxslərin hamısı müxalifətə münasibətdə ən sərtliyi ilə seçilən şəxslər olub. Rəsul Quliyevin özü, eləcə də, Lalə Şövkət və ya Eldar Namazov olsun. Eldar Namazovun “Eks-prezidentlər nə qədər durursa Azərbaycan üçün təhlükədir” devizi çox məşhur idi. Bu yaxınlarda bir nəfər mənə söylədi ki, o zaman Lalə Şövkət Ədliyyə Nazirliyinə göstəriş verib ki, işdən çıxarılan heç kəs işə bərpa edilməsin. Bunu özünüz də araşdırıb ortaya çıxara bilərsiniz. Bu insanlar hakimiyyətdən gedəndən sonra demokratik şüarlarla hakimiyyətə qayıtmaq istəyirlər. Bu adamlar hakimiyyət uğrunda mübarizə aparırlar. Yəni, dava demokratiya davası deyil. Onun üçün gərək şüurlu şəkildə insanlar demokratiyaya hazır ola. Yoxsa demokratiya haqqında biliklərə malik olmaq o demək deyil ki, kimsə demokratdır. Məhəmməd Mursi neçə illərdir əziyyət çəkib. Amma indi özünə böyük səlahiyyətlər istəyir. Çünki bu genlə bağlı məsələdir. Odur ki, proseslər getməlidir.

- Müxalifət hakimiyyətin 2013-cü il seçkiləri ilə bağlı qərarsız olduğunu bildirirdi. Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bəyan etdi ki, qarşıdakı beş ildə də ölkəni indiki komanda və prezident idarə edəcək. Bu bəyanat qərarsızlıq olduğu haqda düşüncələri aradan qaldırdımı?

- Mən hesab edirəm ki, hakimiyyətdə heç bir qərarsızlıq yoxdur. Hökumətin namizədinin kim olacağı 2009-cu ilin martında keçirilən referendumdan bəllidir. Normal düşünən siyasətçi üçün bu belədir. Əlbəttə, siz deyə bilərsiniz ki, Ramiz Mehdiyev niyə konkret ad çəkmədi. Ramiz Mehdiyev görür ki, bəzi müxalifət partiyaları ciddi işlə məşğul olmağın əvəzinə uşaq kimi bir oyuncaqla oynayırlar, kimin namizəd olacağı və ya olmayacağı haqqında düşünürlər və günlərini buna sərf edirlər. Mehdiyev də istəmir ki, bu oyuncağı onların əlindən alsın. Ona görə ad çəkmədi ki, onlar bu mövzu haqqında mülahizələr qurub yazılar yazsınlar. Ağlı başında olan bilir ki, hakimiyyətin namizədi kim olacaq. Rəqib özü üçün bir mövzu seçibsə, niyə bu mövzunu onun əlindən almalısan, əksinə qoy oynasınlar. Ramiz Mehdiyev də təcrübəli siyasətçi və dövlət adamı kimi bu mövzunu onların əlindən almadı, amma düşünən insanlar üçün də sözünü dedi. Həm də kənar qüvvələr var. Ona görə indidən ad çəkib onları aktivləşdirməyə ehtiyac görmürlər.

- Ramiz Mehdiyev Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının fəaliyyətini tənqid etdi. Bu yaxınlarda Fəhmin Hacıyev Söyün Sadıqovla görüşüb. Bu sözügedən təşkilatın aparıcı müxalifətlə əməkdaşlığı anlamına gəlirmi?

- Bizim müxalifətin radikal qanadında olan insanlar öz tərəfdarlarını iqtidara qarşı nifrət üzərində və qisasçılıq ruhunda kökləyib. Bu hisslər güclü olanda sən rəqibi məhv etmək üçün şeytanla da əməkdaşlığa getməyə hazır olursan. Təki hakimiyyətə gələsən və qisas alasan. Nifrət hissi güclü olanda insanların beynində normal düşünmə prosesini pozur və sağlam düşünməyə imkan vermir. Mən bu mövzuda bir dəfə müsahibə verib onları çəkindirmək istədim ki, hələ hakimiyyət məsələsində ağzınız sulanmasın. Rusiya üçün Azərbaycanda indiki iqtidardan əlverişlisi çətin tapıla. Çünki xalq yeni iqtidara indiki hökumətdən artıq şəkildə Rusiyaya yaxınlaşmağa imkan verməz. Xalq ortada həll edilməyən Qarabağ problemini görür və bunda Rusiyanı suçlu sayır. Hesab edirəm ki, uzun illər Azərbaycanda siyasi gündəmi yalnız Qarabağ mövzusu dəyişə bilər. Bu yeganə mövzudur ki, ölkədə iqtidarları apara və gətirə bilər. Ona görə müsahibəmdə bildirmişdim ki, tələsməyin. Rusiya burada hakimiyyəti sıxıb güzəştlər qoparmaq istəyir, digər tərəfdən, Avropanı hakimiyyətin üzərinə gəlməkdən qoruyur. Bir sözlə, hakimiyyəti müdafiə edir. Bu variantın istisna edilməməsini xüsusilə qeyd etmişdim. Əlbəttə, proseslərin gedişi zamanı Moskva görsə ki, onun bu təzyiqi ilə Bakıda hökumət pərən-pərən olub, bu zaman hökuməti dəyişmək fikrinə də düşər. Amma Moskva görür ki, Azərbaycandakı iqtidar buna kifayət qədər müqavimət göstərmək gücündədir və buna hazırdır. Bu halda Rusiya çalışacaq ki, güzəştlər qoparsın. Azərbaycan Qəbələ RLS-lə bağlı yüksək məbləğ təklif edib. Mən İsmayıllıdan deputat seçilmişəm. Kimin nə söyləməsindən asılı olmayaraq, sadə kəndçi mənə deyib ki, həyətində pomidor, xiyar, nar yetişdirə bilmir. Nar əkirlər yarısı xarab çıxır. İndi qıraqdan mənə yüz alim desin ki, bu RLS-in təbiətə ciddi təsiri yoxdur. İkincisi, ora gözəl yerdir və Azərbaycan bu obyekti SSRİ-dən qalma nəhəng hərbi obyekt kimi muzeyə çevrisə, indikindən on dəfə artıq pul qazana bilər. Dünən isə belə xəbər yayılıb ki, Azərbaycan RLS məsələsində köhnə şərtlərlə müqavilə imzalamağa razı olub. Əlbəttə, bu rəsmi xəbər deyil. Amma Rusiyanın təzyiq etməkdə bir məqsədi də buna nail olmaq ola bilər. Amma Azərbaycan tərəfi 3-5 zəngin adamın bir araya gəlməsindən ehtiyat edərək Rusiyaya dediyi qiymətdən geri çəkilsə, Rusiyanın təzyiqləri on dəfə artacaq. Bunu da nəzərə almaq lazımdır. Müxalifətlə “Milyarderlər ittifaqı” arasında münasibətlərə gəldikdə, deyim ki, Fəhmin Hacıyev Söyün Sadıqovla görüşüb. Radikal müxalifət hər yerdən dayaq axtarır. Amma Söyün Sadıqov kimi adamların Azərbaycanda hansı hörməti və nüfuzu var ki, onun verdiyi dəstək nəyisə həll etsin. Söyün Sadıqov uzağı pul verə bilər, amma mən qəzetlərdən oxudum ki, insanları aldadaraq işlədib və pulunu da verməyib. Həm də elə adamlar siyasi məqsədlər üçün pul xərcləməyi sevmirlər. Bunlar kimliyindən asılı olmayaraq hər kəsdən dəstək almaq istəyirlər ki, iqtidarı devirsinlər. Xalq da bunu görür. Fəhmin Hacıyev Əli Kərimlinin müşaviridir. Yəni, onları bəşəri dəyərlər olan demokratiya, insan haqları düşündürmür. Rusiyanın dəstəyi ilə burada hansı demokratiya qurula bilər? Deməli, məsələ hakimiyyət məsələsidir. Bu mənada onlar xalqdan dəstək ala bilməzlər. /teleqraf.com/