Ramiz Rövşənlə görüşdə anşlaq - Fotolar

Ramiz Rövşənlə görüşdə anşlaq
Oxunma sayı: 4343

Məşhur şair Ramiz Rövşənin kitab təqdimatı və imza günündə anşlaq olub. “Qafqazinfo” xəbər verir ki, görüş bu gün LIBRAFF-ın Park Akademiya filialında baş tutub. Sevilən yazıçı, şair və kinossenarist oxucularına yeni kitablarından bəhs edib, onların suallarını cavablandırıb:

“Mən bu qədər oxucunu, sizin sevginizi görüb çox sevinirəm. Həmişə demişəm, uşaqlara şeiri, dilimizi sevdirmək onları körpəlikdən peyvənd etməkdir. Yeni kitabımda hər hərfə şeir yazılıb. Övladlarınıza sevgi öyrədin, sevgi aşılayın. Klassik uşaq şeirlərində bir qədər sonda bədbinlik var. Mən bu dəfə uşaqlarımızı güclü və rəhimli olmağa çağırıram.

Özünə vurğunluğun, narsisliyin sonu idiotluğa gedib çıxır. Özünü sevməmək, həddindən artıq alturist olmaq isə sonda başqalarını sevməməyə. Odur ki, özünüzü sevin ki, başqalarını da sevə biləsiz. Ancaq həddini aşmamaq şərtilə”.

Daha sonra oxuculardan birinin şairə ünvanladığı “Sizə bu yaşınızda da sevgi şeiri yazdıran hansı bəxtəvərdi?” sualı maraqla qarşılanıb. 

Şair suala “Düzü, indi sevgi şeiri yazmıram, cavanlıqda yazdığım şeirlərdir və hələ indi çap olunur. O ki qaldı sualınıza, mən elə bilirəm ki, o bəxtəvər mənim evimdədir. Ancaq mənim ilham pərim ildə bir- iki dəfə gəlir, Türkiyədədir. Selcan nəvəmdir” cavabını verib.

Sualları cavablandıran R. Rövşən sevdiyi şairlərdən söz açıb: “Sevdiyim şair çoxdur, ancaq hər zaman qəlbimdə gəzdirdiyim iki şair var: biri Füzulidir, digəri isə Müşfiq”.

Günel Hacı

Fotolar: Pərvin Zeynal










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi