Real həyatda olmasa da, aya 10 min qazanır - Fotolar

real-heyatda-olmasa-da-aya-10-min-qazanir
Oxunma sayı: 9103

Barselonada yaşayan 25 yaşlı Aitana Lopez məşhurlardan sevgili olma təklifli mesajlar alır. Amma bu model real deyil.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, çəhrayı saçlı Aitana ötən yay dizayner, “The Clueless” agentliyinin qurucusu Ruben Kruz tərəfindən yaradılıb. Onun sözlərinə görə, virtual model ayda 10 min avroya qədər qazana bilir, lakin orta aylıq gəliri ümumilikdə 3 min avro civarındadır.

Aitana artıq bir çox markaların reklam üzü olmağa da başlayıb. Belə ki, o, cəmi bir neçə ay ərzində instaqramda 165 min izləyici toplaya bilib.

Agentliyin komandası hər həftə Aitananın həyatını istiqamətləndirmək üçün toplantı keçirir. Onu tanımaq istəyən izləyicilər üçün həftə ərzində nə edəcəyini, hansı yerləri ziyarət edəcəyini və hansı fotoşəkilləri yükləyəcəyinə qərar verirlər. Amma fotosessiyalar və ya qarderob dəyişikliyi yoxdur, sadəcə olaraq, modelin həftəsonunu Madriddə keçirməsi görüntüsünü yaratmaq üçün süni intellekt və fotoşopdan istifadə edən dizayn mütəxəssisləri kifayətdir.

Aitana fitnes həvəskarı kimi inkişaf etmiş, qətiyyətli və mürəkkəb xarakterə malikdir. Veb saytında o, özünü ünsiyyətcil və qayğıkeş kimi göstərir.

Lopez o qədər uğur qazanıb ki, onun dizaynerləri artıq ikinci virtual modeli, “bir qədər utancaq” Maianı hazırlayıblar. Adlar da təsadüfi seçilməyib, hər ikisində süni intellekt (AI) qısaltması var.