Rişi Sunak “Microsoft”da müşavir oldu

risi-sunak-microsoftda-musavir-oldu
Oxunma sayı: 1744

Böyük Britaniyanın keçmiş Baş naziri Rişi Sunak ABŞ-nin texnologiya nəhəngi “Microsoft” və süni intellekt startapı “Anthropic” şirkətlərinə baş müşavir kimi qoşulduğunu açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, R.Sunak ötən ilin iyul ayında keçirilən ümumi seçkilərdə Mühafizəkarlar Partiyasının məğlubiyyətindən sonra partiya lideri vəzifəsindən istefa verib. Buna baxmayaraq, o, hələ də Britaniya Parlamentinin üzvü kimi fəaliyyətini davam etdirir.

Sunak bu barədə “LinkedIn” hesabında paylaşım edərək bildirib ki, yeni vəzifələrindən əldə olunacaq bütün gəlir həyat yoldaşı Akşata Murti ilə birlikdə yaratdığı “The Richmond Project” adlı xeyriyyə fonduna ianə ediləcək.

“Amazon” və “Google” tərəfindən dəstəklənən “Anthropic” şirkətindən verilən açıqlamada qeyd olunub ki, keçmiş baş nazirin bu daxiliyönümlü, yarımştat müşavir rolu keçmiş nazirlər və yüksək vəzifəli dövlət qulluqçularının yeni iş fəaliyyətinə dair tələbləri müəyyən edən ACOBA komitəsinin qaydalarına tam uyğundur.

Məlumata görə, Rişi Sunak “Anthropic” şirkətində strategiya, makroiqtisadi və geosiyasi meyillər üzrə məsləhətlər verəcək. Onun rolu, əsasən, qlobal strateji məsələlərə yönəlib və o, şirkət adından Böyük Britaniya hökuməti ilə birbaşa əlaqə qurmaq səlahiyyətinə malik deyil.