Bu şadlıq sarayı bağlandı - Video

bu-sadliq-sarayi-baglandi
Oxunma sayı: 2956

Daha bir yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhərində yerləşən “Elmin” şadlıq sarayında yoxlama keçirilib.

Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb;

- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Xaçmaz şəhərində yerləşən “Elmin” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.