Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar

bu-energetik-ickilerde-tehlukeli-madde-askarlandi
Oxunma sayı: 684

Türkiyədə idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Faktla bağlı sözügedən məhsul partiyaları məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.

Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib. Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkar edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib.

Eyni zamanda Türkiyədə istehsal olunmuş “DBL Drink Diblong” əmtəə nişanlı 150 ml həcmli içkilərdən (20.07.2025 - 20.07.2027-ci il istehsal və son istifadə tarixli) götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində tərkibində eyni uyğunsuzluq müəyyən edilib. Həmin məhsul partiyasının da satış obyektlərindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib. 

Qeyd edək ki, içkilərdə aşkarlanan kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlara səbəb ola bilər.