Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşdü - Fotolar

nazir-isgaldan-azad-olunmus-erazilerde-calisan-muellimlerle-gorusdu
Oxunma sayı: 322

Elm və təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən təhsil müəssisələrinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə nazir çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə müasir tədris mühitinin yaradılması və müəllimlərin peşə fəaliyyətini dəstəkləyəcək şəraitin formalaşdırılması istiqamətində görülən işləri qeyd edib. 

Nazir həmçinin məktəb-valideyn əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, təhsil işçilərinin peşəkar potensialının artırılması işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin dayanıqlı inkişafının əsas amillərindən biridir.

Elm və təhsil naziri müəllimlərin qayğı və problemlərini, səsləndirilən təklifləri dinləyib, onların səylərini yüksək qiymətləndirərək Böyük Qayıdış çərçivəsində təhsil sahəsinin inkişafına verdikləri töhfələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə yaradılmış təhsil infrastrukturu və qarşıda duran əsas vəzifələr, eyni zamanda tədrisin keyfiyyəti, innovativ tədris metodlarının tətbiqi və müasir təhsil proqramlarının uğurla icrası ilə bağlı vacib məqamlar müzakirə olunub.

Sonda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli və dayanıqlı təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Görüşdən sonra Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış şərait, eləcə də STEAM mərkəzi ilə tanışlıq olub.