Pentaqonun milyonlarla dollarlıq lüks xərcləri üzə çıxdı - Təkcə xərçəng quyruğuna 6,9 milyon veriblər

pentaqonun-milyonlarla-dollarliq-luks-xercleri-uze-cixdi
Oxunma sayı: 1421

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) milyonlarla dollarlıq lüks xərcləri mübahisələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Open the Books” audit təşkilatının açıqladığı məlumata görə, 2025-ci maliyyə ilində ayrılan vəsaitin böyük hissəsi hərbi hazırlıqdan çox lüks istehlak mallarına yönəldilib.

Hesabata əsasən, Pentaqon 2025-ci maliyyə ilində ümumilikdə 93 milyard dollar xərcləyib və bu vəsaitin bir hissəsi müdafiə ilə birbaşa əlaqəsi olmayan alışlara sərf olunub.

Federal qurumların növbəti il büdcələrini itirməmək üçün etdiyi “son dəqiqə xərcləri” də diqqət çəkib. Belə ki, sentyabr ayının son 5 günü ərzində 50,1 milyard dollar xərclənib. Bu məbləğin Kanada və Meksikanın birgə hərbi büdcəsini üstələdiyi bildirilir.

Audit hesabatında Pentaqonun büdcə hesabına etdiyi bəzi lüks alışlar da açıqlanıb. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Baş Qərargah rəisinin evi üçün 98 329 dollarlıq “Steinway & Sons” royalı alınıb. Bundan başqa, 2 milyon dollarlıq Alyaska kral xərçəngi və 6,9 milyon dollarlıq xərçəng quyruğu sifariş edilib, il ərzində dəniz məhsullarına ayrılan vəsait isə 7,4 milyon dolları keçib.

Hesabatda həmçinin 15,1 milyon dollarlıq steyk, 124 min dollarlıq dondurma maşını, 5,3 milyon dollarlıq “Apple” cihazları və 225 milyon dollarlıq ofis mebeli alındığı qeyd olunur. Bu mebellər arasında minlərlə dollar dəyərində “Herman Miller” stulları və 12 min dollarlıq meyvə səbəti stendləri də yer alır.

Bundan əlavə, sadəcə 272 ədəd ponçik üçün 139 224 dollar ödəniş edildiyi də hesabatda göstərilib.

Auditorlar bildirirlər ki, büdcənin itirilməsinin qarşısını almaq üçün edilən bu nəzarətsiz xərclər hərbi səmərəliliyi artırmaq əvəzinə, dövlət resurslarının israfına səbəb olur. Xüsusilə mebel və digər lüks mallara ayrılan vəsaitin son illərdə rekord səviyyəyə çatması Pentaqonun xərcləmə siyasəti ilə bağlı ciddi tənqidlərə yol açıb.