Azərbaycan çempionatında bu günə qədər bir sıra tanınmış mütəxəssislər iş başında olub. Futbolumuzun 2000-ci illərin əvvəlində dirçəlişindən sonra ölkə liqasında müxtəlif zamanlarda məşhur məşqçilər işləyib. Bunların arasında Toni Adams, Bülent Korkmaz, Mustafa Dənizli, Con Toşak kimi adlar olub.
Lakin son illərdə bu ənənə pozulmuşdu. Demək olar ki, klublarımızın əksəriyyətində yerli məşqçilər çalışırdı və əcnəbilərin sayı az idi. “Turan Tovuz” tanınmış türkmənistanlı mütəxəssis Kurban Berdıyevi komandanın “sükanı arxası”na gətirməklə iddiasını ortaya qoydu.
.jpg)
Bu cür tanınmış çalışdırıcının büdcəsi o qədər də böyük olmayan kluba gəlməsi, əlbəttə, sürpriz idi. K.Berdıyev məşqçilik karyerasına ölkəsi Türkmənistanda başlasa da, onun tanınmasına səbəb Rusiya Premyer Liqasında imza atdığı uğurlar olub. 2001-ci ildə “Rubin”in baş məşqçisi təyin olunan mütəxəssis komandanı gücləndirə bilir. O, 2008 və 2009-cu illərdə Rusiya çempionu adını qazanır. 2009-cu ildə isə Çempionlar Liqasındakı möhtəşəm çıxışı ilə diqqət çəkir.
Kurban Berdıyevin rəhbəri olduğu “Rubin” səfərdə “Barselona”ya qalib gəlir. Həmin vaxt katalon klubu ən yaxşı dönəmlərini yaşayırdı. Buna baxmayaraq, Berdıyevin komandası güclü rəqibini səfərdə - “Nou Kamp” stadionunda 2:1 hesablı məğlubiyyətə uğradır. Bu isə türkmənistanlı məşqçinin şöhrətini daha da artırır.

K.Berdıyev Azərbaycan futboluna hələ Kazan klubunda işlədiyi illərdən tanış olub. Məhz “Rubin”dəki son illərində o, Azərbaycan yığmasının üzvü Ruslan Abışovu komandasına cəlb edir. O, Rusiya Premyer Liqası kimi gərgin çempionatda yığmamızın müdafiəçisinə təcrübə qazandırır.
73 yaşlı məşqçi 2013-cü ildə “Rubin”dən ayrılır və ondan sonrakı dövrdə müxtəlif klublarda çalışır. Hətta onun yolu İran liqasına da düşür. Burada Təbriz klubu “Traktor”un baş məşqçisi olur. Lakin oradakı karyerası uzun çəkmir.

2024-cü ildə isə “Turan Tovuz”a gəlir. Gəldiyi ilk ildə komandanı Azərbaycan Premyer Liqasının 4-cüsü edir. Həmin mövsüm “Qarabağ” çempionatda 5-ci olan “Sabah”ı məğlub edib kuboka sahib çıxsaydı, Tovuz klubu uzun illərdən sonra avrokuboklarda oynayacaqdı. Lakin Masazır təmsilçisi Azərbaycan kubokunu başı üzərində qaldırdı və Avropa Liqasına yollandı.
Bu mövsüm isə “Turan Tovuz” üçün tarixi ola bilər. Qış fasiləsinə qədər sırf nəticəyə hesablanan oyunla xallar qazanan tovuzlular yanvardan sonra həm də baxımlı oyunu ilə seçilir. Berdıyevin rəhbərlik etdiyi kollektiv büdcəsi özündən qat-qat yuxarı olan rəqiblərə meydan oxuya bilir.

6 milyondan bir az çox büdcə ilə komanda hazırda turnir cədvəlinin 3-cü pilləsində və Azərbaycan Kubokunun yarımfinal mərhələsindədir. Tovuz təmsilçisi 4-cü pillədə olan “Zirə” ilə xal fərqini 5-ə çatdırıb. Bu isə onları bürünc medallara daha yaxın edir.
“Turan Tovuz” sonuncu dəfə Azərbaycan çempionatında medalları 1994-1995-ci illər mövsümündə qazanıb. Həmin vaxt komanda gümüş medallara sahib çıxmışdı. 31 ildən sonra isə “Turan Tovuz” yenidən ölkə çempionatının mükafatçısı ola bilər.
.jpg)
Kurban Berdıyevin rəhbərliyi altında komandanın iddiası ötən gün “Neftçi” ilə oyunda da ortaya çıxdı. Yuri Vernidubun baş məşqçi postuna gəlişindən sonra uduzmayan Bakı klubu tovuzlulara məğlub oldu. Maraqlı məqam isə odur ki, K.Berdıyevin komandası, demək olar ki, rəqibinə qol şansı vermədi və intizamlı futbolu ilə “ağ qaraları” üstələyə bildi.
Xəbəri rus dilində oxuyun: Эффект Бердыева: "ТТ" в шаге от медалей спустя 30 лет
Güclü müdafiə futbolu, təhlükəli əks-hücumları və intizamlı komandası ilə seçilən Berdıyevin “Turan Tovuz”da 31 ildən sonra tarix yazıb-yazmamasına cəmi 3 ay sonra aydınlıq gələcək. Amma 73 yaşlı mütəxəssis buna çox yaxındır.
Elsevər Məmmədov