Rusiyadan “Astoria Grande” adlı kruiz gəmisinin Gürcüstanın Batumi limanına gəlməsi yenidən etirazla qarşılanıb.
“Qafqazinfo” Gürcüstanın “Formula” telekanalına istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi gəminin limana gəlməsinə etiraz edən 10-a yaxın şəxsi saxlayıb.
Hazırda limanda polis əməkdaşlarının sayı artırılıb və ərazi xüsusi dəmir sədlərlə əhatəyə alınıb. Məlumata görə, müxalif partiyaların nümayəndələri gecə saatlarından etibarən Batumidə toplaşmağa başlayıb. Onlar gəmidə Rusiyanın Ukraynadakı fəaliyyətlərini dəstəkləyən şəxslərin olduğunu iddia edirlər.
Qeyd edək ki, bu, “Astoria Grande” gəmisinin Gürcüstana səfərinə qarşı ilk etiraz deyil. Belə ki, iyulun 27-si yüzdən çox Gürcüstan vətəndaşı gəminin Batumi limanına gəlməsinə qarşı etiraz aksiyası keçirib.
Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi isə yaydığı açıqlamada sözügedən gəminin Palau bayrağı altında üzdüyünü və kommersiya reysi həyata keçirdiyini bildirib. Açıqlamaya əsasən, “Astoria Grande” Seyşel adalarında qeydiyyatdan keçib və sanksiya altında deyil.