Rusiyada qanunsuz işləyən əcnəbilər gələn ildən ölkədən çıxarıla bilər

Rusiyada qanunsuz işləyən əcnəbilər gələn ildən ölkədən çıxarıla bilər
Oxunma sayı: 785

Rusiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul olan xarici vətəndaşlar 2022-ci il yanvarın 1-dən ölkədən çıxarıla bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Bildirilir ki, Rusiya Prezidentinin miqrant işçilərlə bağlı qəbul etdiyi müvəqqəti tədbirlərin müddəti 2021-ci il dekabrın 31-də başa çatır. Rusiya DİN sənədsiz xarici ölkə vətəndaşlarına iş üçün qeyd olunan tarixə qədər daxili işlər orqanlarına müraciət etmələrini ciddi şəkildə tövsiyə edir. Bununla yanaşı, işəgötürənlər əcnəbi işçilərlə əmək münasibətlərini rəsmiləşdirməli və bu barədə üç gün müddətində məlumat verməlidirlər.

Qanunsuz işçilər üçün cərimə məbləği 5 min rubla qədərdir. 

“Bununla belə, gələn ildən həmin şəxslərə qarşı Rusiya sərhədlərindən kənara çıxma və ölkəyə daxil olmaq qadağası ilə bağlı tədbirlər görülə bilər”, - deyə məlumatda qeyd olunub.

Xarici ölkə vətəndaşlarını qanunsuz əmək fəaliyyətinə cəlb edənlər isə hər bir elə işçiyə görə 800 min rubl cərimə oluna bilər.