Saakaşvili həbsindən iki gün əvvəl Gürcüstana gəlib

Saakaşvili həbsindən iki gün əvvəl Gürcüstana gəlib
Oxunma sayı: 1351

Səkkiz ildən sonra Gürcüstana qayıdan keçmiş Prezident Mixail Saakaşvilinin ölkəyə necə girməsi ilə bağlı yeni faktlar bəlli olub.

“Qafqazinfo” “RBK”ya istinadən xəbər verir ki, Gürcüstanın Baş Prokurorluğu Saakaşvilinin ölkə sərhədini sentyabrın 29-u qanunsuz şəkildə keçdiyini açıqlayıb.

Saakaşvili barədə iş ilə məşğul olan prokuror Levan Vepxvadzenin daha əvvəl verdiyi məlumatda qeyd olunub ki, sabiq Prezidentin ölkəyə qanunsuz gəlməsinə kömək edən iki nəfər saxlanılıb. Saxlanılan şəxslər barədə cinayət işi başladılıb.

Bununla yanaşı, Tbilisi Şəhər Məhkəməsi oktyabrın 4-ü Gürcüstan vətəndaşı Elqudje Çomayanı həbs edib. Saakaşvili Tbilisidə məhz Çomayaya məxsus mənzildə gizlənib. Ölkənin Baş Prokurorluğu Elqudje Çomayanı ağır cinayəti gizlətməkdə təqsirləndirir, o, 1 ildən 4 ilə qədər müddətinə azadlıqdan məhrum edilə bilər. Bununla yanaşı, Çomayaya qarşı dövlət sərhədindən qanunsuz miqrant daşınması maddəsi ilə ittiham irəli sürülə bilər.

“CNews”un hüquq-mühafizə orqanlarına istinadən xəbərinə görə, Saakaşvili Gürcüstan sərhədini treyler avtomobillə keçib. Üstəlik, Mixail Saakaşvilini daşıyan şəxs ona Tbilisidə mənzilini verən Elqudje Çomaya olub. Nəşr yazır ki, Çomayadan başqa heç kim Saakaşvilinin Gürcüstanda olduğunu bilməyib. Bildirilir ki, Çomaya treyler sürücüsü olaraq işləyib və Gürcüstandan Ukraynaya mal daşınması ilə məşğul olub. Onun idarə etdiyi treyler Gürcüstanın dövlət sərhədini Potidə keçib.

“Treyler Potiyə gəlib. Elqudje burada maşınını dəyişib və Saakaşvilini Batumiyə minik avtomobilində aparıb. Saakaşvilinin paylaşdığı video bu yaxınlarda axşam Batumidə çəkilib. Lakin bu video Tbilisidən sosial şəbəkələrə buraxılıb”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, oktyabrın 1-də Mixail Saakaşvili öz feysbuk hesabında ölkəyə qayıtması ilə bağlı videomüraciət paylaşmış və elə həmin günün axşamı saxlanılmışdı.

Onun Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir.

Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.

Oktyabrın 4-ü M.Saakaşvilinin Gürcüstan ərazisinə qanunsuz yolla keçməsinə kömək edən daha iki nəfər saxlanılıb. Saxlanılanlar Poti sakinləri olan ata və oğuldur.

Bu yaxınlarda Baş nazir İrakli Qaribaşvili Saakaşviliyə qarşı kəskin ittihamlar irəli sürüb. Hökumət rəhbərinin sözlərinə görə, Saakaşvili və onun komandası ölkədə iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini bunda günahlandırmaq məqsədilə gürcü müxaliflərin qətlə yetirilməsini planlaşdırıblar.