Sabirabadda 2025-ci ilin hesabat yığıncağı keçirildi - Fotolar

sabirabadda-2025-ci-ilin-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 487

Yanvarın 28-də Sabirabad rayon Mədəniyyət Mərkəzində 2025-ci ildə Sabirabad rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov, Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kamal Cəfərov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, RİH başçısının müavinləri, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, idarə, müəssisə və təşkilatların əmək kollektivi, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Sabirabad şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir rayon Mədəniyyət Mərkəzinin konfrans zalında davam edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 2025-ci ildə rayonda bütün sahələrinin sosial-iqtisadi inkişafını təhlil edərək bildirib ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda insanların rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Görülmüş işlərin nəticəsi olaraq 2025-ci ildə istehsal olunan məhsulun həcmi 10,9 faiz, sənaye məhsulu 9,2 faiz, rabitə xidməti 67,1 faiz, pərakəndə ticarət dövriyyəsi 1,3 faiz, əsas kapitala yönəldilən investisiya 18,6 faiz, tikinti-quraşdırma işlərinin həcmi 68,0 faiz çox olmuşdur.

Kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə 51 milyon 052 min manat və ya 9,1 faiz artaraq 613 milyon 473 min manat təşkil etmişdir. Məhsulun 329 milyon 587 min manatı və ya 53,7 faizi heyvandarlıq, 283 milyon 855 min manatı və ya 46,3 faizi bitkiçilik sahəsindən əldə olunmuş, adambaşına düşən pul gəlirləri 3518,7 manat və ya 3,3 faiz, orta aylıq əmək haqqı isə 664,2 manat və ya 7,3 faiz əvvəlki illə müqayisədə artıb.

2025-ci ildə 24 yeni yaradılmış müəssisələrdə daimi olmaqla 134 yeni iş yeri, bundan başqa 1558 yeni yaradılmış  fiziki şəxs qeydiyyatdan keçmişdir. 2025-ci ildə rayonda Məşğulluq Mərkəzinə 1551 nəfər işaxtaran və işsiz vətəndaş müraciət edərək qeydiyyata alınmış, 1121 nəfər, o cümlədən 649 nəfər qadın münasib işlə təmin olunmuş, 41 nəfər işaxtaran və işsiz vətəndaş özünüməşğulluq proqramına cəlb olunub.

Hesabat məruzəsində həmçinin, 2025-ci ildə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.

Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Kamal Cəfərov çıxışlarında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov çıxış edərək bildirmişdir ki, hazırda Azərbaycan  regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan, prinsipial mövqeyi, ədalətə söykənən siyasəti və ardıcıl inkişaf modeli ilə seçilən bir dövlətə çevrilib. Dövlət başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilmiş, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Həmçinin qeyd edilib ki, ölkə başçısının sərəncamı ilə Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi müasir infrastrukturun yaradılması, müasir üslubda şəhərlərin salınması və yeni yaşayış mühitinin yaradılması üçün böyük strateji əhəmiyyət kəsb edir. 

Digər çıxış edən natiqlər 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərdən və 2026-cı ildə qarışya qoyulan vəzifələrdən danışıblar. Hesabat ilində rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən işləri qənaətbəxş hesab ediblər.

Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.