“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimində maraqlı açıqlamalar verib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis son zamanlarda avtomobili ilə hərəkət edərkən ona siqnal verib salamlayanların çoxaldığını bildirib.
“Rayonda, kənddə işıq olmur, amma siz daim bizlərlə olursunuz. Futbola o vəziyyətdə baxırsınız və inanın biz bunların hamısını düşünürük, görürük. Çünki biz özümüz oradan çıxmışıq, o lampa işığında böyümüşük, o kasıbçılığı görmüşük və gəlmişik. Kibrit işığında dərs oxuyurduq. Həyatımızın ləzzəti də budur. Daim qalibiyyət olsa, nə marağı qalar? Kim danışacaq, kim acılayacaq, kim tənqid edəcək?
İnanın ki, mən hər şeyi normal qəbul edirəm. Təsəvvür edin ki, maşında gəlirəm və bu, son vaxtlar həddindən artıq çoxalıb: sağdan biri siqnal verib “müəllim, necəsiniz?” deyir, soldan siqnal verib “sizə təşəkkür edirəm, uğurlar arzu edirəm” söyləyirlər. Mən neqativ heç nə görməmişəm. Sadəcə yazılardır, hansısa yazı çıxır ortaya, nələrsə olur.
Amma mən həmişə xalqın arasındayam, sizinləyəm. Həmişə çalışacağam ki, məğlub olsaq da, həvəsdən düşməyim, çəkinməyim, qorxmayım və hamının üzərinə gedim”.
Son xəbərlər
Son Xəbərlər