Şagird yoldaşını yaraladı, sinif rəhbəri hadisəni gizlətdi - Səs yazısı

sagird-yoldasini-yaraladi-sinif-rehberi-hadiseni-gizletdi
Oxunma sayı: 3909

İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında insident yaşanıb.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, insident mart ayının 13-də baş verib.

Belə ki, sözügedən tarixdə məktəbin 8A sinif şagirdi N. Q. sinif yoldaşı A. M.-in üzərinə stul atıb. Stulun dəmir hissəsi A. M.-in əlini yaralayıb. Həmin şagirdlərin oxuduğu sinfin rəhbəri, eyni zamanda məktəbin ingilis dili müəllimi olan Gülnarə Qasımova hadisəni görsə də, uşaqlara tapşırıq verib ki, bu məsələni heç kim bilməsin. Sinif rəhbəri bu barədə zərərçəkənin valideyninə və tibbi yardım göstərilməsi üçün təcili yardıma məlumat verməyib. Yaralanan şagird isə məktəbdə olarkən xeyli qan itirib. 

Hadisədən 2 saat sonra sinif rəhbəri şagirdləri evə yollayıb. Daha sonra o, valideynlərin olduğu vatsap qrupuna hədə-qorxu dolu mesajlar yazıb. G.Qasımova göndərdiyi səs yazısında valideynlərin bu məsələni gizlətməli olduqlarını deyib. Xəsarət alan şagirdə isə bildirib ki, bu barədə kimsə ondan soruşsa, sürüşüb yıxıldığını desin.

Məktəbin direktoru Gündüz Qədirov açıqlamasında bildirib ki, 8A sinfinin rəhbəri Gülnarə Qasımova sözügedən hadisə ilə bağlı ona məlumat verərkən A. M.-in tənəffüs zamanı yıxılaraq xəsarət aldığını deyib.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, məktəblinin xəsarət alması ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.