Sahil zolağı tullantılardan təmizləndi - Fotolar

sahil-zolagi-tullantilardan-temizlendi
Oxunma sayı: 1308

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, idmançıların, ekokönüllülərin iştirakı ilə bu gün Xəzər dənizinin Zirə qəsəbəsi sahilində, eyni zamanda şimaldan cənuba doğru bütün sahilboyu ərazilərdə təmizlik aksiyaları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiyalar zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, toplanmış tullantılar toplanaraq daşınıb.

Təmizlik aksiyasında iştirak edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bu cür aksiyaların keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti bu sahədə mübarizəyə cəlb etməkdir.

Gənclər və idman naziri Fərid Qayıbov isə belə aksiyaların gənclərin maariflənməsində mühüm əhəmiyyət daşıdığını bildirib:

"İdmançılarımız bu dəfə fərqli bir sahədə çıxış edərək vətənimizə fayda verdilər. Biz hər zaman bu cür ekoloji kampaniyalarda aktiv iştiraka hazırıq. Lakin biz istəyirik ki, belə aksiyalara ehtiyac olmasın, vətəndaşlar daha məsuliyyətli və diqqətli davranış nümayiş etdirsin. Ümid edirik ki, insanların təbiətə laqeyd və etinasız münasibəti dəyişəcək, yerini sevgi və qayğı tutacaq".

Aksiyadan sonra iştirakçılar Abşeron Milli Parkını ziyarət ediblər.