Şamaxıda hesabat yığıncağı keçirildi - Fotolar

samaxida-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 540

Şamaxıda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Şahin Seyidzadə, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayonun hüquq mühafizə orqanlarının, müəssisə-təşkilatlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə respublika və rayon miqyasında əldə olunan uğurlar, rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, problemlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, 2025-ci ildə Şamaxıda ümumi daxili məhsul buraxılışı 431,568 milyon manat, çox hissəsi turizm sektorunu əhatə etməklə əsas kapitala yönəldilən investisiyaların həcminin 151,556 milyon manat olub.

Rayonun iqtisadiyyatı ilə bərabər sosial həyatında da müsbət dəyişikliklərin çoxluğu diqqətə çatdırılıb. Şamaxıda 10-dan çox beynəlxalq və ölkə əhəmiyyətli tədbir və konfransın keçirildiyi, rayona 110 mindən çox xarici turistin gəldiyi qeyd olunub.

Məruzə ətrafında çıxış edənlər 2025-ci ildə rayonda vətəndaşların konstitusion hüquqlarının qorunması və ictimai asayişin təmin olunması istiqamətində görülən işlərdən, həmçinin sosial-iqtisadi inkişaf, təhsil və səhiyyə sahəsində qazanılmış uğurlardan, mövcud problemlərdən söhbət açaraq müvafiq sahələr üzrə təkliflərini bildiriblər.

Yığıncaqda Milli Məclisdə Şamaxını təmsil edən deputatlar Tamam Cəfərova və Şahin Seyidzadə çıxış edərək rayonun sosial-iqtisadi sahədə inkişaf prioritetlərindən, vətəndaşlara göstərilən dövlət qayğısından danışıblar.

Sonra Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov çıxış edərək, 2025-ci ildə respublikanın və Şamaxının sosial-iqtisadi inkişafından danışıb, qarşıda duran vəzifələri, xüsusilə Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı görülməsi vacib olan məsələləri bir daha diqqətə çatdırıb. 

İclasda rayonun ictimai həyatında və abadlıq işlərində öz fəaliyyətləri ilə fərqlənən şəxslərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub. Yığıncağın sonunda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar layihəsi hazırlanıb, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.